İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Senzor.az-a bildiriblər ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son irəliləyişlər barədə ətraflı məlumatlandırılıb.
Ceyhun Bayramov xüsusilə delimitasiya komissiyaları arasında əldə edilən, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha təsdiqlədiyini vurğulayıb.
Söhbət zamanı mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində konstruktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi qeyd olunub.
Baş müşavir Lui Bono regionda baş verən son proseslərin sülh quruculuğu fəaliyyətinin gələcəyinə ümid yaratdığını, bu istiqamətdə ABŞ tərəfinin də öz növbəsində danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.