Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.
Senzor.az bildirir ki, D qrupunda Fransa millisi Polşa ilə 1:1 hesablı heç-heçə edib. Matçda hər iki qol penaltidən vurulub. Fransalıların heyətində 56-cı dəqiqədə Kilian Mbappe, polşalılardan isə 79-cu dəqiqədə Robert Levandovski fərqlənib.
Bu qrupun digər görüşündə Avstriya yığması Niderlandla üz-üzə gəlib. 5 qolun vurulduğu matçda avstriyalılar gözlənilməz qələbə qazanıblar – 3:2.
Beləliklə, Avstriya millisi (6 xal) qrup lideri, Fransa seçməsi (5 xal) ikinci yerin sahibi, Niderland yığması (4 xal) isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala adlayıb. 1 xalı olan Polşa millisi qrupda qalıb.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya və İtaliya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.
**10:12
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində bu gün III turun növbəti görüşləri keçiriləcək və D, C qruplarında mübarizəyə yekun vurulacaq.
Senzor.az bildirir ki, paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcəklər. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var.
Qrupun digər komandaları Fransa və Polşa Dortmund şəhərində qarşılşacaqlar. Fransa millisinin 4 xalı var, Polşanın isə xalı yoxdur.
Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.
C qrupunda İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkəcək. Qrup lideri İngiltərə 4, Sloveniya komandası isə 2 xala malikdir.
Qrupun digər matçı Münhendə baş tutacaq. İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. Danimarka millisinin 2, Serbiyanın isə 1 xalı var.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.