Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.
Senzor.az bildirir ki, görüş Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.
Qrupun digər görüşündə isə Gürcüstan seçməsi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Portuqaliya qrupu (6 xal) lider olarq bitirib. Eyni xala malik Türkiyə seçməsi isə ikinci olub və 1/8 finala vəsiqə qazanıb. Gürcüstan isə 4 xalla ən yaxşı qrup üçüncüləridən biri kimi növbəti mərhələyə adlayıb.
Türkiyə 1/8 finalda Avstriya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə, Danimarka, Rumıniya, Belçika və Slovakiya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.
**11:56 (26.06.2024)
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
Senzor.az bildirir ki, E və F qruplarında ümumilikdə 4 oyun keçiriləcək.
E qrupunda Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşacaq. İlk iki turdan sonra bütün dörd komandanın hər birinin aktivində 3 xalı var. Odur ki, bu qrupda bütün suallara məhz sonuncu turda aydınlıq gələcək.
F qrupunda isə Türkiyə seçməsi Çexiyanı, Portuqaliya yığması Gürcüstanı sınağa çəkəcək. Hazırda Portuqaliya 6 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla ikincidir. "Ay-ulduzlular"a qrupdan çıxmaq üçün 1 xal da kifayət edəcək. Digər iki yığmanın isə 1 xalı var və onların da pley-offa adlamaq şansları qalmaqdadır.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.