Azərbaycana qarşı yeni, çirkin və siyasi məntiqdən, mənəviyyatdan, hüquqdan və əxlaqdan kənar oyun hazırlanır. Bu dəfə rəsmi Bakını yeni ittihamlarla beynəlxalq məhkəmələrə verməyə hazırlaşırlar.
Qarabağ erməniləri arasında keçirilmiş "rəy sorğuları", habelə "faktaraşdırma və monitorinq qruplarının hesabatları" əsasında "beynəlxalq məruzə" adlandırılan sənəd ərsəyə gətirilib. Sənəddə "qarabağlı ermənilərin Azərbaycandan qovulmasının səbəbləri və təfərrüatları"ndan bəhs olunur.
"Dağlıq Qarabağda niyə ermənilər yoxdur?" (Why Are There No Armenians in Nagorno-Karabakh?) adlı məruzəni "Freedom House", "İnsan Hüquqları Uğrunda Beynəlxalq Əməkdaşlıq" (International Partnership for Human Rights), "Demokratiyanın İnkişaf Fondu" (Democracy Development Foundation), "Helsinki Vətəndaş Assambleyası-Vanadzor", "Sərhədsiz Hüquq Müdafiəsi" (Protection of Rights without Borders), "Hüququn İnkişafı və Müdafiəsi Fondu" (Law Development and Protection Foundation) və "Truth Hounds" təşkilatları hazırlayıblar.
"Faktların müəyyənləşdirilməsi missiyası 1949-cu ildə qəbul edilmiş 4 Cenevrə konvensiyasını və əlavə protokolları, "Silahlı münaqişə zamanı mədəni dəyərlərin müdafiəsi haqqında" Haaqa konvensiyasını (1954-cü il) və əlavə protokolları, habelə məlumatların təhlili zaman beynəlxalq humanitar hüquqdan istifadə edib", - məruzənin annotasiyasında vurğulanır.
Hesabat tipli məruzədə 44 günlük İkinci Qarabağ Müharibəsinin "Dağlıq Qarabağ erməniləri üçün travmatik təcrübə olduğu", onların "gülləbaranlara, bombardmanlara və blokadaya məruz qalmaları" vurğulanır.
Rəsmi Bakı qarabağlı ermənilərin Ermənistandan aldıqları içməli su, elektroenerji, mobil rabitə, təbii qaz və interneti kəsməkdə, onları "bilərəkdən və qəsdli şəkildə ərzaqla, dərman preparatları və gündəlik tələbat malları ilə təminatdan məhrum etməkdə" suçlanıb.
"2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsinqdə 229 qarabağlı erməni, o cümlədən 34 dinc sakin həlak olub. Həlak olanların 5 nəfəri uşaqdır. 244 nəfər, o cümlədən 31 dinc sakin (10-u uşaqlar) yaralanıb. Daha sonra isə 15 nəfər, o cümlədən 5 mülki şəxs itkin düşüb. Qarabağlı ermənilərin tam əksəriyyəti evlərinə qayıda bilmir. Onlar hətta şəxsi əşyalarını belə, götürə bilməyiblər. Bütün bunlar onu göstərir ki, Azərbaycan Dağlıq Qarabağın sakinlərini evlərindən didərgin salmaq və ölkədən qovmaq üçün əvvəlcədən planlaşdırılmış aksiyaları həyata keçirib", - hesabatda bildirilir.
Hesabatdakı iddiaların absurdluğu, reallıqla heç bir əlaqəsinin olmaması və s. - bütün bunlar bəllidir. Sənədə fikir vermədən də keçə bilərdik, amma olmaz. Çünki bu sənəd nə qədər absurd və irrasional təsir bağışlasa da, Ermənistanla yanaşı, xarici ölkələrdəki erməni diaspor təşkilatları və Ermənistanın hamiləri tərəfindən Azərbaycana qarşı yeni ittihamlar üçün "əsas" rolunu oynayacaq.
Ermənilərin mənəviyyat, gerçəklik və hüquqdan çox uzaq ittihamları isə Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarına mənfi təsir göstərə bilər.
Xatırladaq ki, dünən rəsmi Ankara Türkiyə və Ermənistandan olan normallaşma nümayəndələrinin görüşündən imtina edib.
Bu barədə Ermənistan KİV-ləri diplomatik mənbəyə istinadən yazırlar.
Erməni mənbələri iddia edirlər ki, Ankara fikrini dəyişərək Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib: "Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri göstərilməyib”.
Bir qədər əvvəl yayılmış məlumatlara görə, nəzərdə tutulurdu ki, ABŞ-ın təklifi ilə Ankara ilə İrəvan arasında normallaşma istiqamətində şərtsiz danışıqlar başlasın və iki ölkə arasında sərhədlər tezliklə açılsın. Həm də bunu Azərbaycanla sülh müqaviləsi prosesindən ayıraraq, sırf Ermənistan - Türkiyə müstəvisində həyata keçirsinlər. Artıq Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edirdi ki, Türkiyə ilə münasibətlərin normallaşmasını Azərbaycanla aparılan sülh müqaviləsi prosesindən ayırmaq lazımdır.
ABŞ Cənubi Qafqazdakı proseslərə tam nəzarət mexanizmlərini formalaşdırmaq və onların vasitəsilə bölgədəki proseslərə effektiv təsir etmək üçün indiyədək reallaşdırdığı ssenarilərin gözlənilən nəticə vermədiyini anladığından yeni taktikaya əl atıb. 2009-cu ildəki "Sürix protokolları"nın reinkarnasiyası sayıla biləcək "sərhəd təmasları" Ankara və Bakı arasındakı əlaqələrə rəğmən, Türkiyəni paralel marşruta cəlb etmək məqsədi güdür.
Rəsmi Ankara amerikalıların bu hiyləgər "tövsiyyə"sini qəbul etmədi.
Türkiyənin mövqeyi dəyişməyib: ilk əvvəl Ermənistan Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyasını və delimitasiyasını başa vurmalı, yekun sülh sazişini imzalamalı, bu proseslər üçün bütün həruri şərtləri yerinə yetirməlidir.
Yalnız bu proseslər baş tutarsa, Türkiyə Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosedurlarına başlaya bilər.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi Ceyms O-Brayenin bölgəyə səfəri və Bakıda apardığı danışıqlardan dərhal sonra Vaşinqtonun "sərhəd ritorika"sını yenidən gündəmə gətirməsi ilə "qarabağlı ermənilərlə bağlı" hesabatın açıqlanmasını təsadüf saymaq sadəlövhlük olardı.
Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin «Dağlıq Qarabağ» adlandırıldığı, ölkəmizi könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin az qala soyqırım təhlükəsi ilə üzləşdiklərinin israrla vurğulandığı hesabata gəldikdə isə, onun da hazırlanması və açıqlanması spontan hadisə deyil.
Təbii ki, ermənilər və onların havadarları Ermənistanda etnik təmizləmə siyasətinə, işgəncələrə məruz qalan yüz minlərlə soydaşımızın yurd-yuvalarından zorla qovulmalarını, bu zaman yüzlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyini xatırlamaq istəmirlər.
Xankəndidəki keçmiş separatçı rejimi az qala qarabağlı ermənilərin “qanuni idarəetmə strukturu” kimi qələmə verən hesabat müəllifləri separatçı-terrorçu xuntanın onillərlə dinc azərbaycanlıları hədəfə aldığını, qətlə yetirdiyini də yaddan çıxarıblar.
Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanınn Azərbaycana qarşı işğalçı müharibə aparması, ərazilərimizin 20 faizinin işğal edilməsi, kənd və şəhərlərimizin viran qoyulması da fakt deyil.
Dağılan məscidlər, ibadət evləri, muzeylər, tarix və mədəniyyət abidələri də ermənilərlə onların hamiləri üçün Azərbaycanın Şərqi Zəngəzurda, 30 il erməni işğalında olmuş ərazilərində mədəni irsinin məhv edilməsi deyilmiş.
Əvəzində erməniləşdirilmiş alban kilsələri, saxta tarixli və uydurma rəvayətli “tarixi abidələr”, işğal illərində inşa edilmiş kilsələr, sən demə, “qarabağlı ermənlərin min illərlə yaşı olan tarixi-mədəni irsi” imiş...