Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni jurnalistlərlə söhbətində Rusiyanın vasitəçiliyi ilə regional kommunikasiyaların açılmasının niyə mümkün olmadığına münasibət bildirib.
Senzor.az-ın məlumatına görə, Paşinyan bəyan edib ki, onların razılığa gəldiyi eyni düstur Ermənistan tərəfindən Rusiya Federasiyasına təklif olunub.
"Unutmayın, regional kommunikasiyalar məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu var idi. Biz həmişə bu məntiq çərçivəsində işləməyə hazır olduğumuzu bildirmişik. Bunun nə üçün birbaşa və ya dolayı yolla əngəlləndiyini heç vaxt başa düşməmişik. Bu baş vermədi, çünki gördük ki, prosesləri Ermənistanın suverenliyinə, ərazi və yurisdiksiyasına xələl gətirən istiqamətə yönəltməyə cəhd edilir.
Heç kim bizi qeyri-səmimilikdə ittiham edə bilməz, çünki biz həmişə demişik ki, bu, bizim üçün qırmızı xəttdir. Bu baxımdan, vəziyyətin dəyişməsi ondan ibarətdir ki, bu mətn daha açıq şəkildə yazılıb", - Ermənistanın Baş naziri qeyd edib.
N.Paşinyan bu mənada, ABŞ-da imzalanan sənədin Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcəyinə əmin olduğunu bildirib.
O xatırladıb ki, Ermənistanın 30 il ərzində Rusiya ilə dəmir yolu əlaqəsi olmayıb, indi isə İrəvan Mərkəzi Asiya ilə də əlaqə əldə edəcək, Çinin regiona çıxışı olacaq.
Baş nazir həmçinin qeyd edib ki, Ermənistan dəmir yolları Rusiya Federasiyasının (RF) nəzarəti altındadır. Bu baxımdan o, Rusiyanın İcevan-Razdan və İcevan-Qazax dəmir yollarının bərpasına investisiya qoymaqda maraqlı olacağını ehtimal edib: “Əlbəttə, Azərbaycanın razılığı da lazım olacaq”.
Onun sözlərinə görə, Ermənistan həmçinin əvvəllər olmayan İranla dəmir yolu əlaqəsi, Çin də Şərqə yeni marşrut əldə edir: “Bu, RF və ABŞ arasında iqtisadi qarşılıqlı əlaqə üçün yaxşı imkan ola bilər”.