Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciət edərək, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olduğunu və bu məsələdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının əvəzsiz rol oynadığını vurğulayıb.
Senzor.az bildirir ki, Paşinyan öz müraciətində Vaşinqton razılaşmalarından sonra Ermənistanın bütün kommunikasiyalarının açıldığını qeyd edib: "Biz - Üçüncü Respublikanın vətəndaşları olaraq, sülh şəraitində yaşamağın, işləməyin nə olduğunu bilmirik. Bu bizə yad bir hissdir. Çünki müstəqilliyimizin ilk günündən bəri biz daim münaqişə atmosferində, müharibə və ya nə sülh - nə müharibə şəraitində yaşamışıq.
8 avqustdan sonra isə biz tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu bizim üçün yeni və tanımadığımız bir reallıqdır".
Paşinyan vurğulayıb ki, Ermənistan sülhü sıfırdan öyrənməlidir - sülh nədir, necə olur və necə görünür?
"Sülh biz ona hansı formanı verəcəyiksə elə də olacaq. Əlbəttə ki, bu, təkbaşına yox, Azərbaycanla birlikdə olacaq", – deyə o bildirib.
N.Paşinyan daha bir maraqlı məqamı vurğulayıb: “Azərbaycan Prezidenti ilə birlikdə biz keçmiş münaqişənin səhifəsini birdəfəlik bağlamağın və BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq aydın gələcəyə yol açmağın zəruriliyini qəbul etdik. Bəyan etdik ki, beynəlxalq sərhədlərin dəyişdirilməsi üçün güc tətbiqi yolverilməzdir, bu prinsip dəyişdirilə bilməz və şərtsizdir. Bu, xalqlarımız üçün düşmənçiliyi keçmişdə qoymaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi bir fürsətdir. Biz revanş cəhdlərini – həm bu gün, həm də gələcəkdə – qətiyyətlə rədd etdik".
Ermənistanın Baş naziri onu da qeyd edib ki, Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtmasını qeyri-real və sülh üçün təhlükəli hesab edir: “Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”.
**12:34
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün axşam xalqa müraciət edəcək.
Senzor.az bildirir ki, Baş nazir bu barədə özünün Facebook hesabında paylaşım edib.
O bildirib ki, 18 avqust tarixində saat 18:00-da xalqa müraciət edəcək.
Paşinyan müraciətin mövzusu barədə açıqlama verməyib.