ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri arasında Ağ Evdə keçirilən görüş başa çatıb.
Senzor.az bildirir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
BBC telekanalı isə xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və Avropa liderləri ilə danışıqlardan sonra Ağ Evi tərk edib.
Videogörüntülərdə Ukrayna və ABŞ bayraqları olan rəngli avtomobillərin Ağ Evdən çıxması əks olunub.
**01:57
ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri Ağ Evdə danışıqları bərpa ediblər.
Senzor.az bildirir ki, bu barədə Zelenskinin nümayəndəsi Sergey Nikiforov məlumat verib.
O, davam etdirilən görüşlə bağlı heç bir əlavə təfərrüat verməyib. Sadəcə qeyd edib ki, iclasda yalnız nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. Toplantı jurnalistlərin iştirakı olmadan keçirilir.
Daha əvvəl danışıqların başa çatdığı, lakin iştirakçıların Ağ Evi tərk etmədiyi bildirilmişdi.
**01:06
ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirilən görüşü başa çatıb.
Bu barədə CNN Zelenskinin mətbuat katibi Sergey Nikiforova istinadən məlumat yayıb.
Qeyd olunub ki, qonaqlar Ağ Evdə "bəlkə də başqa formatda danışıqlar aparmaq üçün" qalırlar. Alman qəzeti “Bild” daha əvvəl Trampın rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün görüşü dayandırdığını yazmışdı. Görüşün yekunlarına dair birgə bəyanat planlaşdırılmır.
**23:21(18.08.2025)
Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilir.
Bu barədə Ağ Evin rəsmi səhifəsində məlumat paylaşılıb.
“Biz davamlı sülhün bərqərar olması üçün çalışarkən hamımız açıq şəkildə dərhal atəşkəsə üstünlük verərdik”, - Tramp deyib.
O əlavə edib ki, çünki bu, "öldürməni dərhal dayandıracaq...".
Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli perspektivləri “bir-iki həftə” ərzində müəyyənləşəcək. O, həmçinin Aİ liderləri və Zelenski ilə görüşdən sonra Rusiya ilə üçtərəfli görüşə səbəb olacaq razılaşmalara ümid edir. Zelenski Amerika liderinin təşəbbüsünü dəstəkləyib və yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Görüşə ABŞ və Ukrayna liderləri ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Ciorcia Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də qatılıblar.
Tərəflər Moskva ilə Kiyev arasında sülh sazişinin tezliklə bağlanacağına ümid etdiklərini bildiriblər.