İsrail hərbçilərinin keçirdikləri əməliyyat nəticəsində iranyönümlü HƏMAS terror təşkilatının xüsusi "Nüxbə" qüvvələrinin ali hərbi komandiri Məhəmməd Naif Əbu Şəmalə zərərsizləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Əbu Şəmalə sözügedən qüvvələrin bölük komandiri idi. O, 2023-cü ilin 7 oktyabrında İsrail ərazisinə qarşı HƏMAS-ın hücumuna qoşulub, bir qrup terrorçu ilə birlikdə sərhədyanı Kisufim kəndi yaxınlığında İsrail Silahlı Qüvvələrinə məxsus postu ələ keçirməyə çalışıb.
Sözügedən hücumla başlayan müharibə ərzində də Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı çoxsaylı hücumlar həyata keçirib.
Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Avqustun 15-də İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı Xan-Yunis şəhərinə aviazərbəsi nəticəsində Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının aparıcı komandirlərindən biri həyatını itirib. Bildirilib ki, zərərsizləşdirilən terrorçu sözügedən təşkilatın Rəfəh briqadasında nəzarət departamentinin rəhbəri Nasir Musadır. O, briqadadakı yaraqlıların hazırlığına və təlimlərinə cavabdeh idi. Eyni zamanda, kəşfiyyat və müşahidə qruplarında da fəaliyyət göstərib.