Ukrayna ordusu sentyabrın 7-nə keçən gecə Rusiya ərazisindəki mühüm hərbi obyektlərə zərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, hücumların əsas məqsədi Rusiyanın hücum potensialını zəiflətmək, eləcə də ordu hissələrinin yanacaq və sursat təchizatını çətinləşdirmək olub.
Xüsusi təyinatlı qüvvələr İlski Neft Emalı Zavodunun güc obyektlərinə zərbə endirib. Zavod ildə 6,42 milyon ton neft emal edir və Rusiya Silahlı Qüvvələrinin təminatında mühüm rol oynayır. Zərbədən sonra ərazidə partlayışlar və yanğın qeydə alınıb.
Raket və artilleriya qoşunları "8-N" dispetçer stansiyasını da vurub. Stansiya "Polad at" ("Стальной конь") magistral neft kəmərinin tərkib hissəsidir. Bu obyekt vasitəsilə ildə 10,5 milyon tona qədər neft nəql olunur və Rusiya ordusunun təchizatında strateji əhəmiyyət daşıyır. Hücum nəticəsində nasos stansiyası və çən parkı ərazisində yanğın baş verib.
Baş Qərargah həmçinin, Kursk vilayətində Rusiya hərbi hissələrinin şəxsi heyətinin dislokasiya yerlərinə və anbarlarına endirilən zərbələrin də uğurlu olduğunu bildirib. Bütün zərbələrin nəticələri dəqiqləşdirilir.