İlham Əliyev Nyu-Yorkda yeni görüşlər keçirib
FOTO

Sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü olub.

Senzor.az bildirir ki, söhbət zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunulub, turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib.

Kuş Çoksi biznes imkanlarının dəyərləndirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

***

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın Prezidenti Marselo Rebelo de Souza ilə görüşüb.

Portuqaliya Prezidenti, ilk növbədə, dövlət başçısına Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Vaşinqtonda keçirilmiş Zirvə toplantısının tarixi əhəmiyyət kəsb etdiyini deyən dövlət başçısı Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu bildirərək, ölkəmizin bundan sonra da bölgədə sülhün gücləndirilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanla Portuqaliya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının, siyasi məsləhətləşmələrin davam etdirilməsinin və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

***

Nyu-Yorkda Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.

Baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu deyib.

Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib.

Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirilib.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb.

Söhbət zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından “Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd edib.

Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “Ares Management” arasında 2017-ci ildən mövcud olan uğurlu əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin dayanıqlı infrastruktur, logistika, daşınmaz əmlak, təhsil və yaşıl enerji sahələrində gələcək investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı potensial müzakirə olunub.

Maykl Aruqeti Azərbaycanın davamlı inkişaf siyasətini və ölkəmizdə institusional investorlara yaradılmış əlverişli mühiti yüksək qiymətləndirərək, bunun beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar açdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin xüsusilə yaşıl enerji, logistika və sosial infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, “Ares Management” kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərir. Maykl Aruqeti və tərəfdaşlarının 1997-ci ildə təsis etdiyi şirkət hazırda 600 milyard ABŞ dollarına yaxın aktivləri idarə edir. “Ares Management” portfelindəki anbar və logistika investisiya aktivlərinin toplam sahəsinə görə dünyanın ən böyük üç şirkətindən biridir.

***

Prezident İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.

Görüşdə qlobal investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyada rolu ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanla bu şirkət arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını bildirib. O, həmçinin Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək, bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd edib.

Görüşdə “Franklin Templeton”un kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin yaşıl gündəliyinin icrasına töhfə verə biləcəyi vurğulanıb.

Prezident İlham Əliyev şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə sıx əməkdaşlığına toxunaraq, mövcud tərəfdaşlığın ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını deyib. Dövlət başçısı bu şirkətin alternativ investisiya sahəsindəki təcrübəsinin və xüsusilə region ölkələrində həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətinə toxunaraq, bu xüsusda geniş qarşılıqlı əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən “Franklin Templeton” hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.

***

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşü olub.

Görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.

Prezident İlham Əliyev 2024-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu tərəfdaşlığı vurğulayaraq, xüsusilə İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru “Italo”ya yatırılan birgə sərmayəni səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı, həmçinin şirkətin hava limanlarının idarə olunması, enerji keçidi və süni intellekt infrastrukturu kimi sahələrdə təcrübəsinin gələcək əməkdaşlıq üçün böyük imkanlar açdığını deyib.

Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2006-cı ildə ABŞ-də təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. “Global Infrastructure Partners”in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-də bu sahədə aparıcı şirkətlərdən biridir.





















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.