Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) ilə bağlı mətbuat konfransı təşkil olunub.
Senzor.az bildirir ki, sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Konfransda çıxış edən Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova qeyd edib ki, sərgi müasir dünyanın aktual çağırışlarına uyğun olaraq “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilib.
“Bu il sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir. Qətər tərəfi sərgiyə dövlət rəsmiləri, tanınmış elm və ədəbiyyat xadimləri, incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti ilə qatılacaq. Sərginin beynəlxalq salonunda isə Qətərin zəngin mədəni irsini, çağdaş ədəbiyyatını və bədii incilərini əks etdirən ekspozisiya təqdim olunacaq”,- deyə A.Kərimova əlavə edib.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu vurğulayıb ki, kitab sahəsi Mədəniyyət Nazirliyi üçün prioritet məsələrdəndir. O, kitabın ekosistemində yeni investisiyalara fayda olduğunu diqqətə çatdırıb.
Nazirin müşaviri builki Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək dövlətlər barədə məlumat verib: “23 dövlətdən 68 xarici təşkilat (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edəcək. Bu sərgi Azərbaycan ədəbiyyatının dünyaya çıxarılması zəminində böyük xidmət olar. 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının olduğu sərgi kimi tarixə düşəcək. İspaniya, Küveyt və İndoneziya isə ilk dəfə olaraq sərgidə iştirak edəcəklər. Sərgi çərçivəsində 7 gün ərzində təqdimat zonalarında, stendlərdə və konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılıb. Burada uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər. Bölgələrdə yarmarkalar təşkil etmək istəyirik. Nəşriyyatlardan aztirajlı kitabların müəyyən hissəsini almağı düşünürük. Bu il də Mədəniyyət Nazirliyi tərəfindən iştirakçılar üçün 6 kvadratmetrədək ekspozisiya sahəsi və lazım olan avadanlıqlar ödənişsiz olaraq təmin edilib. Milli yaddaş çox mühümdür. Süni intellektin bizə təqdim edəcəyi yaddaş milli olmayacaq. Milli yaddaşımızın qorunmasında bu kitab sərgisinin müstəsna rolu olacaq”.
Sərginin fəxri yazarları tanınmış şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov da sərgi ilə bağlı fikirlərini bölüşüblər.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.