Gürcüstan müxalifətinin bu gün axşama təyin etdiyi mitinq ərəfəsində Tbilisinin Rustaveli prospektində, parlamentin həyətində xüsusi təyinatlı dəstələr yerləşdirilib.
Bu barədə TASS məlumat yayıb.
Hadisə yerinə bir neçə yüz təhlükəsizlik qüvvəsi xüsusi texnika ilə gəlib. Parlamentin həyətinə vaxtaşırı polis maşınları və avtobuslar daxil olur. Rustaveli prospektinə bitişik Azadlıq meydanında evakuatorlar yerləşdirilib.
Gürcüstan Daxili İşlər Nazirliyi bundan əvvəl bəyanat yayaraq, planlaşdırılan mitinqdə etirazçıları qanunlara əməl etməyə çağırıb. Əks halda qanunu pozanlara qarşı qanuni tədbirlər görüləcək.
Oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir. Həmin gün müxalifət hökuməti dinc yolla devirmək məqsədi ilə Tbilisinin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. Gürcüstan hakimiyyəti etiraz aksiyasının təşkilatçılarına dəfələrlə xəbərdarlıq edib ki, pozuntulara görə qanunun ən yüksək həddi ilə cəzalandırılacaqlar.
Keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və digər partiya təmsilçisi, Tbilisi şəhər şurasının üzvü Zviad Kuprava hökumətin devrilməsinə çağırışlara görə həbs edilib.