Yəmənin "Ənsar Allah" hərəkatının lideri Abdel Məlik əl-Hüsi İsrailin Qəzza zolağında atəşkəs razılaşmasına əməl etdiyi müddətdə İsrail ərazisinə zərbələri, həmçinin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları dayandırmaq barədə göstəriş verib.
Bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb.
"İsrailə və əlaqəli ticarət gəmilərinə qarşı bütün əməliyyatlar dayandırılır, çünki Qəzzədə münaqişənin aktiv fazası başa çatıb. Husilər İsrailin atəşkəs şərtlərinə əməl etməsini izləyəcək və bundan sonra Yəmənin Fələstin məsələsində atacağı addımlar müəyyən olunacaq", - məlumatda deyilir.
Qeyd edək ki, İsrail və radikal HƏMAS hərəkatı Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olub. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılmasından sonra qüvvəyə minib.