Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəblərinə 2025-2026-cı tədris ili üçün dərsliklər göndərib.
Senzor.az bildirir ki, 18 adda 21 179 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.
Vəsaitlərə I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri daxildir.
Təhvil-təslim prosesində Elm və Təhsil Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, bu addım Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına, eləcə də Gürcüstandakı azərbaycanlı icmasının ana dilində təhsilə çıxış imkanlarının genişlənməsinə xidmət edir.
Onu da xatırladaq ki, Azərbaycan qonşu ölkədəki soydaşlarımızı dərsliklərlə 1994-cü ildən etibarən təmin edir. Bu günədək Gürcüstana 650 mindən çox dərslik və digər metodik vəsaitlər çatdırılıb.
