“Rejim tərəfindən partiyaların qadağan edilməsi və repressiyaların sərtləşdirilməsi bir daha göstərir ki, İvanişvilinin qruplaşması tam beynəlxalq təcriddədir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın müxalif Milli Hərəkat Partiyasının üzvü Laşa Farlava deyib.
“ATƏT sədri Gürcüstana səfər etməsinə baxmayaraq, o, yalanları və oktyabrın 4-də ölkədə gerçəkləşdirilən rusiyapərəst “xüsusi əməliyyat”ı (bələdiyyə seçkilərinin nəticələrini – red.) tanımadı. Bu, onlar üçün ağırdır. İvanişvili rejimi bütün qırmızı xətləri keçib, gürcü cəmiyyəti partiyalar çərçivəsindən kənarda mübarizə aparmaq məcburiyyətində qalacaq. Əgər İvanişvili hesab edirsə ki, ədliyyənin möhürü və ya hüquqi status gürcü xalqının ədalət, azadlıq və Avropa gələcəyi uğrunda mübarizəsini dayandıracaq, ciddi səhv edir. Hansı mübarizənin içində olduğumuzu dərk edirik”, - Farlava bildirib.
Partiya üzvü qeyd edib ki, müxalifət Bidzina İvanişvili və komandasına qarşı mübarizəni davam etdirəcək: “Bu mübarizə tamamilə milli – partiya çərçivəsindən kənarda olacaq. Məqəsd də aydındır: Gürcüstanı İvanişvilinin oliqarxik rejimindən azad etmək. Bunun üçün böyük birlik və böyük müqavimət lazımdır. Birlik üçün hər şeyi edəcəyik”.