Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin yaşadıqları ünvanlarda genişmiqyaslı axtarışlar aparılıb.
Senzor.az-ın məlumatına görə, Gürcüstanın Baş Prokurorluğunda bu gün keçirilən brifinqdə bildirilib ki, onların evlərindən ümumilikdə 7 milyon 2 min 200 ABŞ dolları və 136 min lari məbləğində nağd pul, 198 ədəd qiymətli zərgərlik məmulatı və saatlar, həmçinin bahalı rəsm əsərləri, bir neçə min vərəq sənəd, 50 ədəd mobil telefon və 119 ədəd elektrik avadanlığı götürülüb.
Əməliyyat oktyabrın 17-də səhər saat 10:00-dan etibarən Tbilisidə, eləcə də Dedoplistskaro, Vani, Çoxatauri və Borjomi rayonlarında keçirilib. Ümumilikdə 24 yaşayış ünvanında və bir neçə fərdi şəxsdə axtarış aparılıb.
Axtarış tədbirlərində Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin 230-a yaxın əməkdaşı iştirak edib.
Hazırda DTX Gürcüstan Baş Prokurorluğunun İstintaq Departamenti ilə birgə sənədlər və elektrik avadanlıqlarla bağlı məlumatları intensiv şəkildə araşdırıb emal edir.
Qeyd olunub ki, müsadirə edilmiş pul vəsaitlərinin əsl mənşəyi müəyyən edilir, bundan sonra emal olunmuş məlumatlar əsasında növbəti istintaq-əməliyyat tədbirləri planlaşdırılacaq, aidiyyəti şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək və istintaqın nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək..