İsrailin Baş naziri Benyamin Netanyahu anklavın cənubunda baş verən atışma hadisəsindən sonra orduya Qəzzada radikallara qarşı qəti addımlar atmağı əmr edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş nazirin kanselyariyası məlumat yayıb.
"HƏMAS-ın atəşkəsi pozmasından sonra Baş nazir Netanyahu İsrailin müdafiə naziri İsrael Kats və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terrorçuların hədəflərinə qarşı qətiyyətli addımların atılmasına göstəriş verib", - məlumatda deyilir.
Bundan əvvəl İsrail ordusu anklavın cənubundakı Rəfah şəhəri yaxınlığında yaraqlıları atəşkəsi kobud şəkildə pozmaqda ittiham edərək onlara hava zərbələri endirib.
Qeyd edək ki, bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatların dərhal bərpa olunmasını istəmişdi.