
Pakistanın Baş naziri Şahbaz Şərif bu gün İslamabadda ABŞ-ın Vitse-prezidenti Cey Di Vens ilə də görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Prezidentin kürəkəni, iş adamı Cared Kuşner də iştirak ediblər.
Baş nazir hər iki nümayəndə heyətinin konstruktiv dialoqa sadiqliyini yüksək qiymətləndirərək ümid etdiyini bildirib ki, bu danışıqlar regionda davamlı sülhə aparan yolun başlanğıcı olacaq.
Şərif Pakistanın tərəflər arasında irəliləyişə və dayanıqlı sülhə nail olunmasına dəstək göstərmək üçün vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu vurğulayıb.
ABŞ və İran arasında İslamabadda danışıqlar yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.