
Rusiyanın Kiyev və Kiyev vilayətinə kütləvi zərbəsi nəticəsində ölənlərin sayı 17-yə, xəsarət alanların sayı isə 44-ə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, Rusiya qoşunları Ukrayna paytaxtına və vilayətə 24 ballistik raket, dörd "Sirkon/Oniks" raketi və 115 pilotsuz uçuş aparatı buraxıb.
O qeyd edib ki, zərbənin əsas hədəfləri mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, pivə zavodu, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmiryol vağzalı olub.
Ukrayna Prezidenti vurğulayıb ki, raket hücumundan müdafiə sistemləri üçün əlavə ələkeçirici raketlərin tədarükü insanların ölümünün qarşısını ala bilərdi.
"Ələkeçirici raketlərin tədarükündə fəal rol oynamağa hələ hazır olmayan tərəfdaşlar yeni sanksiyalar tətbiq etməklə kömək edə bilərlər. Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli bir hissəsi hələ də sanksiyalar altına düşmür. Yeni addımlara ehtiyac var", - o qeyd edib.