
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner bazar günü Misirdə HƏMAS liderləri ilə görüşərək onları silahsızlaşdırma ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.
Bu barədə “Axios” adı açıqlanmayan iki mənbəyə istinadən məlumat yayıb.
Bu, Kuşnerin ötən ilin oktyabrında Qəzzada müharibəyə son qoyulması barədə razılaşmanın imzalanmasından sonra HƏMAS rəhbərliyi ilə ilk görüşü olub.
Görüş ABŞ administrasiyası və Trampın Sülh Şurasının HƏMAS və İsraili ABŞ-ın 20 maddəlik sülh planının növbəti mərhələsinə keçməyə çağırdığı bir vaxtda baş tutub.
Məlumata görə, Kuşner bazar ertəsi İsrailə gedərək Baş nazir Benyamin Netanyahu ilə İsrailin atmalı olduğu müvafiq addımları müzakirə edəcək.
Görüşdə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov və Şuranın üzvü, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də iştirak edib. HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyya, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, qətərli diplomat Əli əl-Təvadi və Türkiyənin yüksək vəzifəli rəsmisi də görüşə qatılıb.
Mənbənin sözlərinə görə, əsas məqsəd HƏMAS-ın Qəzzanı demilitarizasiya etmək öhdəliyini konkret və yoxlanıla bilən addımlara çevirmək olub.
Bu addımlara Qəzzada idarəetmənin fələstinli texnokrat hökumətə verilməsi və HƏMAS-ın ərazinin gələcək idarəçiliyində heç bir rolunun olmaması daxildir.
Sülh Şurası həmçinin HƏMAS-dan silah və hərbi infrastrukturu ləğv etməyə başlamasını, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Qəzzaya yerləşdirilməsinə şərait yaratmasını və ərazinin bərpasına maneələrin aradan qaldırılmasını istəyir.
Mənbə bildirib ki, HƏMAS silahsızlaşdırılmağa başlasa, İsrail də Qəzzadan müvafiq şəkildə geri çəkilməli və humanitar yardımların çatdırılmasını sürətləndirməlidir.
Mənbə onu da vurğulayıb ki, HƏMAS idarəetmə səlahiyyətindən, bütün silahlardan və hərbi infrastrukturlardan imtina etməlidir.