
İraqın xarici işlər naziri Fuad Hüseyn İraq Kürdüstanı Muxtar Bölgəsinin Baş naziri Məsrur Bərzaninin ofisinə edilən hücumla bağlı İrandan rəsmi izahat tələb edib.
Senzor.az bildirir ki, İraq Xarici İşlər Nazirliyinin F.Hüseynlə İranın xarici işlər naziri Abbas Əraqçi arasında baş tutan telefon danışığının yekunlarına dair bəyanatında belə deyilir.
Bəyanatda qeyd olunub ki, F.Hüseyn iranlı həmkarı ilə İraq Kürdüstanı Baş nazirinin ofisinə edilən hücumu müzakirə edib. İraq naziri bunun gərginliyi artıra və regionda sabitliyi təhlükə altına sala biləcək təhlükəli bir hadisə olduğunu vurğulayaraq hücumla bağlı İranın rəsmi mövqeyinin açıqlanmasını istəyib.
A.Əraqçı isə öz növbəsində İran tərəfində hücumun İslam Respublikası ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumatın olmadığını bildirib. O, İran hökumətinin insidentlə bağlı mövqeyini aydınlaşdıran rəsmi bəyanat yayacağını vəd edib.
Qeyd edək ki, bundan əvvəl Məsrur Bərzani şəxsi ofisinin və Təhlükəsizlik və Kəşfiyyat Agentliyi rəhbərinin iqamətgahının İran PUA-ları tərəfindən hücuma məruz qaldığını bildirmişdi. O, bu hücumu “təhlükəli eskalasiya və İraq Kürdüstanının təhlükəsizliyi ilə sabitliyinə birbaşa təhdid” adlandırıb.