
Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki "Solneçnaya dolina" ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Senzor.az bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja sosial şəbəkələrdə məlumat yayıb. Onun sözlərinə görə, zərbələrdən dərhal sonra güclü yanğın başlayıb.
Nəticədə, indiyə olan məlumata görə, 16 nəfər ölüb, 23-ü uşaq olmaqla azı 130 nəfər xəsarət alıb, onların hamısına zəruri yardım göstərilir. Hakimiyyət orqanları həlak olanların cəsədlərinin identifikasiyasına başlayıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roqdakı ticarət mərkəzinə gündüz saatlarında endirdiyi zərbəni terror aktı adlandırıb.
Ukrayna liderinin sosial şəbəkələrdə yazdığına görə, pilotsuz uçuş aparatları ilə ticarət mərkəzinə iki dəfə zərbə endirilib. İlk zərbədən və başlayan yanğından təxminən yarım saat sonra hadisə yerinə gələn xilasetmə xidmətlərinə təkrar zərbə endirilib.
"Belə zərbələr terror aktıdır və dünya bunlara müvafiq şəkildə reaksiya verməlidir", - Zelenski vurğulayıb.