
"Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır. Bəzən bizə deyirlər ki, siz yol çəkən, xəstəxana tikdirən deyilsiz. Siz ancaq qanunvericiliklə məşğul olmalısınız. Bəs, ayda iki dəfə niyə rayonlara göndərirsiniz?"
Senzor.az bildirir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.
"Ay nazirlər, sizin hünəriniz çatırsa, gedin özünüz camaatın içinə çıxın. Orada səni sözlə elə günə qoysunlar ki, adın da yadından çıxsın. Xalq o sözləri bizə deyir. Xalqın əlçatanı deputatlardır",- o vurğulayıb.
Səyyad Aran bəzi nazirlərin bölgələrdə keçirdiyi vətəndaş qəbullarının təşkilindən narazılığını bildirib. Məsələn, o deyib ki, iki aydır elm və təhsil naziri Emin Əmrullayevlə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilmir: “İmişli rayonunun Qaradonlu kənd məktəbinin 120 illiyi olacaq. Eşitmişəm ki, oktyabrın 10-da nazir gələcək, yubileyi qeyd edəcəklər. Təqvimimdə yazmışam, zəng etdim, cavab vermədi. Axı sənin köməkçin var. Yaxşı, vacib işlərin var, bəs sonra monitorda görmürsən ki, sənə zəng gəlib? Deputat zəng edibsə, bax, gör məsələ nədir...”.
Deputat səhiyyə nazirinin rayonlarda keçirdiyi vətəndaş qəbullarının təşkilini də tənqid edib. Onun sözlərinə görə, qəbul zamanı təhlükəsizlik və təşkilati məhdudiyyətlər səbəbindən real şikayəti olan vətəndaşlar nazirə yaxınlaşa bilmirlər.
“Səhiyyə naziri rayona vətəndaş qəbuluna gedir. Bəndi-bərəni elə kəsirlər ki, ona yaxınlaşmaq olmur. Əvvəlcədən nisbətən yumşaq, neytral çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir. Çıxanda da naziri elə aparırlar ki, insanların həqiqi şikayətləri diqqətdən kənarda qalır”, – Səyyad Aran əlavə edib.