
Ukrayna Rusiya neft emalı zavodlarına zərbələr endirməyi dayandırmağa hazırdır. Bunun müqabilində Kiyev Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmasını istəyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
Zelenski qeyd edib ki, Ukraynanın enerji sektoru, kritik infrastrukturu və ərzaq ixracı marşrutları Rusiya üçün hədəf olmamalıdır. Onun sözlərinə görə, bu halda Kiyev də müvafiq deeskalasiya addımları atmağa hazırdır.
Bu bəyanat Zelenskinin ABŞ Prezidenti Donald Trampla BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşü ərəfəsində səslənib. Tərəflərin sentyabrın 20-də telefon danışığı zamanı görüş barədə razılığa gəldikləri bildirilir.