“Kazaxstan İnjinirinq” şirkəti Bakıda “ADEX-2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində ən yeni müdafiə sənayesi məhsullarını təqdim edib.
Trend-in məlumatına görə, təqdim olunan qurğular sırasında “Leyla” adlı pilotsuz uçuş aparatı olub. Bu aparat aqrar və neft-qaz sənayesində, geologiya, monitorinq, axtarış və xilasetmə işlərində istifadə oluna bilər.
PUA-ya “Leyla” adı Azərbaycanın və Qafqazın ilk qadın pilotu Leyla Məmmədbəyovanın şərəfinə verilib. O, İkinci Dünya müharibəsi illərində dörd mindən çox pilot və desantçıya təlim keçib.
PUA-nın uçuş sürəti 160 kilometr/saat, maksimal hündürlüyü 3,5 kilometr, uçuş müddəti 5 saat, fəaliyyət radiusu 80-100 kilometr təşkil edir. PUA 20 kiloqramadək yük qaldıra bilər.