“Dəyərli qardaşım, Azərbaycan Prezidentinə “Xoş gəldin!” deyir, təşrif buyurduğu üçün təşəkkür edirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.
Rəcəb Tayyib Ərdoğan mərasimə qatılan Özbəkistan, Venesuela, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğız Respublikası və digər dövlət başçılarına, həmçinin Pakistanın Baş naziri və NATO Baş katibinə də xüsusi təşəkkür edib: “Mərasimə qatılan hər kəsə xüsusi təşəkkür edirəm”.
**19:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin ilk iclasının keçiriləcəyi tarixi açıqlayıb.
Bu barədə Türkiyə lideri səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışında bildirib.
Ərdoğan hökumətin yeni kabinetinin bu axşam açıqlanacağını diqqətə çatdırıb: “Gələn həftənin ikinci günü yeni hökumətin iclası keçiriləcək”.
Eyni zamanda dövlət başçısı ölkəsinin səsvermənin başa çatması ilə yeni yola, Türkiyə Yüz İlinə başladığını vurğulayıb.
**18:24
İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir.
Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.
**16:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.
Senzor.az xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.
Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.
**09:00
Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.
Senzor.az bildirir ki, mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da keçiriləcək.
Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.
Daha sonra Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçirilib.
Mayın 28-də keçirilən ikinci turun nəticələrinə əsasən “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.