Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya yox, Ermənistan həyata keçirəcək.
Senzor.az bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televizyasına müsahibəsində deyib.
O qeyd edib ki, bu məsələ artıq bütün iştirakçı tərəfdaşlara aydındır: "Sərhədlər Ermənistan tərəfinin nəzarəti altında olacaq".
A.Qriqoryan, həmçinin bildirib ki, ilin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var: “Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin nəhayət həll olunduğunu deyə bilmərik, lakin biz irəliləyirik.
Bütün suallar vacibdir və bütün suallar bir-birinə bağlıdır. Danışıqlar çox intensiv gedir və bu proses davam etsə, ilin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var. Bizim münasibətimiz ondan ibarətdir ki, biz həll yolları tapırıq və bu həllər çərçivəsində sülh gündəmi ilə irəliləyirik və sülh müqaviləsi bağlayırıq”.