Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirilir.
Qeyd olunub ki, Azərbaycanın cari ilin aprelində imzaladığı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair, habelə bundan əvvəl ratifikasiya olunaraq ölkəmizə münasibətdə ötən ay qüvvəyə minmiş ekstradisiyaya dair Avropa Konvensiyalarına İkinci və Dördüncü Əlavə protokollar bir sıra mühüm dəyişiklikləri, o cümlədən sənədlərin elektron qaydada göndərilməsini özündə ehtiva etməklə, transmilli cinayətkarlıqla mübarizənin gücləndirilməsinə, cinayət işlərində beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir: "Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla sıx işçi əlaqələrin qurulması, o cümlədən nazirliyin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması bu sahədə fəaliyyəti daha effektiv edir.
Ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə və ədliyyə sisteminin, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun müasirləşdirilməsi üzrə tədbirlərin nəticəsidir ki, Avropa dövlətləri ölkəmizə münasibətdə ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər.
Belə ki, təkcə ötən aylarda oğurluq, soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı kimi cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən 4 nəfər şəxs Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Polşa, Moldova və Ukraynadan ölkəmizə gətirilib.
Bu günlərdə isə dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Belarus Respublikasından ölkəmizə təslim edilməsi təmin olunub. Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir".