Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) yeni tərkibdə ilk iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclas 3 saat davam edib.
Toplantıda Azərbaycan-Ermənistan münasibətləri də müzakirə olunub.
İclasdan sonra yayılan bəyanatda bildirilib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə mühüm töhfə verəcək.
Sənəddə Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə edilib.
Bəyanatda həmçinin qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi region üçün riskləri artırır. Türkiyə sülh danışıqları səylərinə töhfə verməyə davam edəcək.
Suriyalı qaçqınlarla bağlı vəziyyətə gəlincə, Türkiyə Milli Təhlükəsizlik Şurası hesab edir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində münaqişələrdən qaçan suriyalıların könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtmasını təmin etmək vacibdir.
MTŞ Kosovodakı gərginliyin böhrana çevrilməsinin qarşısını almaq üçün Ankaranın dialoq prosesini dəstəklədiyini də vurğulayıb.
**17:57(08.06.2023)
Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilir.
Yerli KİV-nin verdiyi xəbərə görə, iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
MTŞ üzvlərinin Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla strateji, regional və milli təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.