İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb, qonağı sülh sazişi üzrə cari vəziyyətlə bağlı məlumatlandırıb.
Bu barədə Senzor.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb.
Qarşı tərəf Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.
Tərəflər eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.