Vilnüsdə keçiriləcək NATO Zirvəsi çərçivəsində Türkiyənin İsveçin alyansa daxil olması ilə bağlı qərar verməsi gözlənilmir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyənin bu məsələ ilə mövqeyi dəyişməyib, Ankara Stokholmdan tam şəkildə terrorla mübarizə aparmağı tələb edir?
“Ümid edirəm ki, qeyri-adi bir hadisə baş verməsə, bu Zirvədə iştirak edəcəyəm. İsveçin bu gözləntiləri o demək deyil ki, biz buna əməl edəcəyik. Bu gözləntilərə əməl etməyimiz üçün ilk növbədə İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Türkiyə lideri bu yaxınlarda NATO-nun Baş katibi Yens Stoltenberqin İstanbula səfərini xatırladıb. Ərdoğan diqqətə çatdırıb ki, o, Stoltenberqə İsveçin gözləntilərinə cavab verilməsi üçün, ilk növbədə ölkənin ərazisində terror təşkilatının fəaliyyətinə son qoymalı olduğunu deyib.
**15:20
Türkiyə ilə Azərbaycan Strateji Əməkdaşlıq Şurası və Birgə İqtisadi Komissiya kimi fəaliyyət mexanizmləri vasitəsilə ikitərəfli münasibətlərdə əldə edilmiş sürəti saxlamaq niyyətindədir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, başda Türk Dövlətləri Təşkilatı olmaqla regional əməkdaşlıq və məsləhətləşmə mexanizmləri daha da gücləndiriləcək:
“Türk dünyasının birliyi üçün Azərbaycanla çalışmağa davam edəcəyik. Hesab edirəm ki, seçkilərdən sonra etdiyimiz bu tarixi səfər bizim bugünkü həmrəyliyimizi gücləndirdi”.
**14:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın özünün andiçmə mərasimində iştirak etməsini şərh edib.
Bu barədə, o, Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində danışıb.
Ərdoğan Paşinyanın bu dəvəti qəbul etməsinin mühüm addım olduğunu bildirib: “Yəni bu məqamda Paşinyan öz ölkəsində bir çox maneələri aşaraq, dəvətimizi qəbul etdi. Biz bu mərasimdə Baş nazir Paşinyanla yalnız ayaqüstü görüşə bildik, dəvətə verdiyi cavaba görə minnətdarlığımı bildirdim”.
Türkiyə Prezidenti əlavə edib ki, Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı mühüm əhəmiyyət kəsb edirdi:
“Təbii ki, bunu dərk etmək irəliləyişdir. Amma Ermənistanda Paşinyana qarşı çıxanlar da var. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb”.
**14:34
Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Zəngəzur dəhlizi İranla bağlı bir problemdir. Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar” - o qeyd edib.(APA)