Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında çıxış etdi - TAM MƏTN + VİDEO
YENİLƏNİB

Dünya, sərhədləri aşan çoxsaylı problemlərlə üzləşməyə davam edir.

Senzor.az bildirir ki, bu fikir Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda yer alıb.

Nazir qeyd edib ki, iqlim dəyişikliyi tendensiyalarının kəskinləşməsindən tutmuş köklü yoxsulluğa, artan gərginliyə və dağıdıcı pandemiyalara qədər bu çağırışlar yerimizdən və ya məkanımızdan asılı olmayaraq hamımızı narahat edir, cəsarətli və yekdil tədbirlər tələb edir.

Hazırki beynəlxalq siyasət getdikcə daha çox parçalanır və çoxtərəfliliyin bölünməsinə və aşınmasına gətirib çıxarır.

Artan dözümsüzlük və ayrı-seçkilik tendensiyası, xüsusən də İslamofobiya və nifrət nitqinin həyəcan verici dalğası narahatedicidir. Bu çağırışın qarşısını almaq üçün çoxəsrlik müxtəliflik və multikulturalizm ənənələrinə sahib olan Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və hörmətin təşviqinə qətiyyətlə inanır. Azərbaycan hökuməti Bakı Prosesi və “Mədəniyyət naminə sülh” kimi mühüm qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edib.

Artan çağırışlar fonunda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyə davam etməsi vacibdir.

BMT-nin hər bir ölkənin bərabər səsə malik olmasını və onlara münasibətdə eyni yanaşmanın nümayiş etdirilməsini təmin etmək üçün mandatı vardır. BMT Nizamnaməsinin prinsipləri və məqsədləri bütün dünyada məcburi qüvvəyə malikdir və seçim əsasında deyil, müvafiq olaraq aidiyyəti üzrə tətbiq edilməlidir.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin ciddi riayət olunmasına və ayrı-seçkilik olmadan tətbiqinə əsaslanan BMT-nin əsasını təşkil edən çoxtərəfli sistemin fəallaşmasının və islahatların keçirilməsinin tərəfdarıdır.

Bu baxımdan, Gələcəyin Zirvə Toplantısının qlobal fəaliyyəti gücləndirmək və BMT Nizamnaməsinə və çoxtərəfliliyə kollektiv öhdəliyi nümayiş etdirmək üçün bir fürsət olacağına ümid edirik.

Zati-aliləri,

Azərbaycan milli səviyyədə və Qoşulmama Hərəkatının Sədri kimi sülh, təhlükəsizlik və qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir və beynəlxalq həmrəylik və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir.

COVID-19 pandemiyasının başlamasından bəri Azərbaycan bu çağırışla mübarizə aparmaq üçün bir sıra qlobal təşəbbüslər irəli sürərək, mübarizənin ön sıralarında yer alıb.

Pandemiyanın hələ də bitməyən təsirləri yüksək səviyyəli siyasi iştirakı və bütün mühüm maraqlı tərəfləri əhatə edən tərəfdaşlığa əsaslanan qlobal əməkdaşlıq və həmrəylik naminə səylərimizi ikiqat artırmaq üçün təxirəsalınmaz ehtiyac yaradır.

Beynəlxalq əməkdaşlıq və siyasi iştirak qadınlar və gənclər də daxil olmaqla müxtəlif maraqlı tərəflərin cəlb edilməsini tələb edir. Azərbaycan, Şuşa Akkorduna uyğun olaraq Bakıda daimi katibliyi olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis edilməsi və Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılmasına təşəbbüs göstərməklə bunu Qoşulmama Hərəkatına sədrliyinin əsas fokusuna çevirib. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının təşəbbüskarı olub.

Biz pandemiyanın nəticələri ilə mübarizədə birgə səyləri gücləndirməli və COVID-19 pandemiyasından sonra qlobal bərpa üçün səyləri birləşdirməliyik.

Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti pandemiyadan sonrakı qlobal bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edib. 2023-cü ilin martında biz Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdik, burada Azərbaycan Respublikası Prezidenti Qoşulmama Hərəkatının Sədri kimi Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpa prosesini dəstəkləmək üçün iki qlobal çağırış elan etdi. Azərbaycan ilk donor ölkə kimi bu çağırışların hər birinə ayrılan vəsaitləri açıqladı.

2020-ci ildən bəri Azərbaycan 130-dan çox ölkəyə 300 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.

Xanımlar və cənablar,

2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin orta rübünə yaxınlaşdıqca, dünyanın bir çox hissələrində gələcəyə dair ümumi baxışımıza nail olmaq üçün mübarizə gedir. Bizim bu çağırışlarla birgə mübarizə aparmağımız zəruridir.

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin təsbit edildiyi gündən etibarən onların ümumdünya səviyyəsində təşviqi və icrasının şövqlü tərəfdarı olmuşdur.

Biz dayanıqlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə fokuslanaraq iqtisadiyyatımızın yenidən qurulmasında transformasiya xarakterli dəyişiklikləri davam etdiririk.

Təmiz mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet istiqamətindən birinə çevrilib. Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40% - ə endirməyi və Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonası yaratmağı öhdəsinə götürüb.

Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib, belə ki, ölkəmiz ənənəvi xam neft istehsalçısından etibarlı təbii qaz təchizatçısına çevrilib. Avropanın ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin tikintisi başa çatdıqdan sonra Azərbaycan daha beş Avropa ölkəsinə təbii qaz tədarükçüsünə çevrilib. Avropanın enerji təhlükəsizliyinin misli görünməmiş çətinliklərlə üzləşdiyi bir vaxtda yeddi ölkə Azərbaycandan təbii qaz istehlak edir. Yaxın gələcəkdə bu rəqəm on Avropa ölkəsinə qədər artacaq.

Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının proqnozlaşdırılan artımı, Azərbaycanın tərəfdaş ölkələrlə birgə həyata keçirdiyi Qara dəniz sualtı elektrik kabelinin çəkilməsi üzrə mühüm transregional layihə sayəsində Azərbaycanın Avropa ölkələrinə ekoloji təmiz elektrik enerjisi ixracatçısı olmasına imkan verəcək.

Azərbaycan həm də transregional rabitə layihələrinin inkişafında əsas aktorlardandır. 2022-ci ildə nəqliyyat infrastrukturuna investisiyaların artırılması və regional tərəfdaşlarımızla əməkdaşlığın genişləndirilməsi ilə tranzit axınını 70 faiz artırdıq.

Cənab Prezident,

30 ilə yaxın hərbi işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi misli görünməmiş əzablara, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib və qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütövlüyü və toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi çərçivəsində hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib.

Son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların yekdil səyləri sayəsində danışıqlar prosesi gücləndi və məhdud, lakin ümidverici nəticələr verdi.

Buna baxmayaraq, müşahidə etdiyimiz tendensiya, Ermənistanın danışıqları imitasiya etmək, götürdüyü öhdəliklərdən son anda yayınmaq və konkret qərarlar qəbul etməkdən çəkimək üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətmək üçün keçmiş təcrübəsini təkrarlaması oldu.

Beləliklə, Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi.

2020-ci ilin noyabrından başlayaraq üç ilə yaxın müddət ərzində Ermənistan, Azərbaycanın suveren ərazisində, Laçın yoludan sui-istifadə edilməsi ilə separatizmi qızışdırmaq məqsədilə on mindən çox insanın ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib.

Bu dövrdə biz danışıqlar apararkən, normallaşma prosesində iştirak edən bütün beynəlxalq aktorlar və daha geniş beynəlxalq ictimaiyyətin diqqətini ardıcıl olaraq Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsindən irəli gələn ciddi təhlükəyə cəlb etdik və bunu sülh yolu ilə nizamlanmağa çağırdıq.

Qanuni və faktlara əsaslanan narahatlıqlarımız bağlı qapılar arxasında qəbul olunsa da, Ermənistanı öhdəliklərini yerinə yetirməyə inandırmaq üçün real addımlara və məqsədyönlü ictimai mesajlara çevrilmədi.

Nəticə etibarı ilə Ermənistan özünü ruhlanmış hiss etdi və Azərbaycanın suveren ərazisində qeyri-qanuni hərbi mövcudluğa və yenidən "təmas xətti" məntiqinə əsaslanan status-kvonu seçməyin daha yaxşı olacağı illüziyasına qapıldı.

Ermənistan bütün dünyada Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş manipulyasiya və dezinformasiya kampaniyasına və daxili işlərə açıq müdaxilə yolu ilə gərginliyi qızışdırmağa davam etdi.

Artıq bir neçə aydır ki, Ermənistan "blokada", "humanitar böhran" və ya "etnik təmizləmə" kimi uydurma ittihamlara əsaslanan manipulyasiya kampaniyası üçün bütün mövcud resurslarını səfərbər edib.

Bu məqsədlə, Ermənistan vəziyyəti məsuliyyətsizcəsinə siyasiləşdirdi və əslində separatçı gündəminə görə Azərbaycanın Qarabağ bölgəsinə malların çatdırılmasına mane oldu və bir sıra beynəlxalq aktorların dialoq yolu ilə legitim və praktik həll yolları tapmaq üçün ardıcıl səylərini əngəllədi.

18 sentyabr 2023-cü ildə BQXK, nəhayət, bir neçə ay əvvəl Azərbaycan tərəfindən təklif olunan və iştirak edən bütün beynəlxalq qurumlar tərəfindən müsbət qarşılanan Ağdam və Laçın vasitəsilə humanitar yüklərin eyni vaxtda çatdırılmasını həyata keçirdi, çünki artıq Ermənistan həftələrdir yaratdığı maneələrini aradan qaldırmalı oldu.

Azərbaycan, daha geniş beynəlxalq ictimaiyyət kimi, hadisələrin bu inkişafını alqışladı və bunun, nəhayət, bölgələrdə deeskalasiyaya gətirib çıxaracağına və dövlətlərarası münasibətlərin normallaşması ilə bağlı aktual məsələlərə diqqətin bərpasına yol açacağına ümid etdi.

Lakin Ermənistan bir daha bu gözləntiləri doğrultmadı və Azərbaycanın günahlandırılmasını davam etdirmək üçün hərbi təxribata əl atdı.

Beləliklə, bir gün sonra erməni diversiya qrupu tərəfindən yerləşdirilən mina iki ayrı partlayışla nəticələnərək, iki mülki şəxsin və dörd polis əməkdaşının, ümumilikdə altı Azərbaycan vətəndaşının faciəvi ölümünə səbəb oldu. Digər altı polis əməkdaşı ağır yaralandı.

Buna cavab olaraq, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədilə lokal anti-terror tədbirləri gördü.

Bu tədbirlər məhdud və mütənasib olmaqla, humanitar hüquq normalarına tam uyğun olaraq yüksək dəqiqlikli döyüş sursatlarının tətbiqi ilə yalnız legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəldildi. Yan təsirlərin qarşısını almaq üçün bütün tədbirlər görüldü.

24 saatdan az bir müddətdə 90-dan artiq döyüş mövqeyi, 20 hərbi nəqliyyat vasitəsi, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnit döyüş sistemi və 2 zenit-raket kompleksinin zərərsizləşdirilməsi Azərbaycan ərazilərinin qanunsuz hərbiləşdirilməsinin dəhşətli miqyasını aydın etdi.

Hazırda bölgədə tərksilah davam etdikcə, bu istiqamətdə daha çox dəlil toplanır.

Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz.

Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı. Ermənistan və onun tabeliyindəki qeyri-qanuni rejim tərksilah, bütün qondarma strukturların ləğvi və qüvvələrin Azərbaycandan çıxarılmasına razı olmaq məcburiyyətində qaldı.

Bunun sülh yolu ilə baş verməməsinin səbəbi Ermənistanın etinasızlığı və iştirak edən vasitəçilərin adekvat addımlar atmaması idi.

Zati-aliləri,

Antiterror tədbirləri dayandırıldığı üçün Azərbaycan hazırda tərksilah, demobilizasiya və yerlərdə reinteqrasiya üzrə praktiki addımlara başlayıb.

Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Ermənistan sakinlərinin nümayəndələri ilə çoxdan gözlənilən görüşü nəhayət sentyabrın 21-də Yevlax şəhərində baş tutdu.

Dialoq hökumətin reinteqrasiya planlarının birbaşa müzakirəsi, həmçinin infrastrukturun bərpası və istismarı, humanitar malların və ictimai xidmətlərin çatdırılması ilə bağlı məsələlərin həlli formatında davam etdiriləcək.

Artıq mərkəzi hakimiyyət orqanları təxirəsalınmaz lazımi humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə başlayıb. Hal-hazırda yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylər səfərbər edilib.

Bu xüsusda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinləri bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmində olduğunu bir daha bildirmək istərdim. Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi, qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır.

Zati-aliləri,

Azərbaycan, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, iki ölkənin legitim maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir.

Biz, həm Azərbaycan, həm də Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki suveren dövlət kimi dinc yanaşı yaşamaq üçün tarixi imkanın mövcudluğuna hələ də qəti şəkildə inanırıq.

Bu fürsətdən istifadə etməyin vaxtı çatıb.

Bunun üçün, Ermənistan tərəfindən, ədalətli və bərabərhüquqlu sülh təklifinin gələcəkdə revanşist məqsədlərə nail olmaq üçün daha yaxşı şərait gözləmək naminə rədd edilməsinin qeyri-real olduğu və uğur şansının olmadığı nəhayət dərk edilməlidir.

Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatları əməli addımlara çevrilməlidir.

Bu prosesdə Azərbaycan və Ermənistanı ədalətli, tərəfsiz və qərəzsiz şəkildə dəstəkləməyə qadir və hazır olan beynəlxalq aktorların əhəmiyyətli iştirakı çox vacibdir. Dürüst vasitəçi ola bilməyənlərin isə regionu məhdud şəkildə anlayan gündəliklərini bu prosesə proyeksiya etməkdən çəkinməsi eyni dərəcədə vacibdir.

Artıq əldə edilmiş tərəqqini möhkəmləndirmək və normallaşma prosesini daha da gecikmədən başa çatdırmaq üçün bütün səyləri səfərbər etmək lazımdır. Azərbaycan normallaşma gündəminin irəliləməsində qətiyyətli və əzmlidir.

Zati-aliləri,

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üzrə iki dövlət arasında aparılan proses ilə yanaşı, milli səviyyədə ərazilərimizin otuz illik hərbi işğalının ağır nəticələrinin aradan qaldırılması məqsədilə genişmiqyaslı bərpa, yenidənqurma işlərinə başlayıb. Bu tədbirlər yüz minlərlə azərbaycanlının öz pozulmuş təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirməyi təmin etmək məqsədi daşıyır.

Hökumətin yorulmaz səyləri sayəsində Ermənistanın 30 illik hərbi işğalı zamanı görünməmiş vandalizm aktına məruz qalan ərazilərə həyat qayıdır. Köçkün ailələrin ilk qrupları artıq öz doğma torpaqlarına qayıdıb.

Təəssüf ki, Azərbaycan ərazilərində kütləvi şəkildə yerüstü minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün əhəmiyyətli maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır.

Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırır və insan tələfatının sayını artırır.

2020-ci ilin noyabr ayından bəri 315 nəfər Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanı olub. Bəzi minalar isə Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə köçürülüb və yerləşdirilib.

Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var. Bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.

Hörmətli həmkarlar,

Ciddi müharibə və insanlıq əleyhinə cinayətlərə münasibətdə ədalətin təmin edilməsi keçmiş münaqişənin yaralarının sağalması üçün vacibdir. Günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması qurbanların hüquq və mənafelərini təmin etməklə yanaşı, eyni zamanda münaqişədən sonrakı normallaşma və sülh prosesində ən vacib şərtlərdəndir.

30 ilə yaxın təcavüz və işğal dövründə Ermənistan Azərbaycan mədəni irsini təhqir və dağıdıb. Buraya qlobal və milli əhəmiyyətli çoxsaylı abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, sənət qalereyaları, arxeoloji sahələr və kitabxanalar daxil idi.

Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir. Bu məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və vəziyyətin normallaşdırılması baxımından vacibdir.

1987-1991-ci illərdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 300.000-ə yaxın azərbaycanlını öz əcdadlarının torpaqlarından zorla didərgin saldı. Ermənistandakı azərbaycanlılara aid bütün yaşayış məntəqələrinin və toponimlərinin adı dəyişdirilib, tarixi və mədəni irsimiz qəsdən dağıdılıb və məhv edilib. Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və öz vətənlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər vacib beynəlxalq aktlarda təsbit olunmuş fundamental qayıdış hüququnu həyata keçirməkdən imtina edir.

Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq şəkildə və konstruktiv dialoqa açıq olaraq beynəlxalq hüququn pozulmasını qəbul etməyəcək və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcək. Xüsusilə, Azərbaycanın Ermənistanı insan hüquqları sahəsində beynəlxalq hüququn kobud şəkildə pozulmasına, habelə cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək məqsədilə məhkəmə araşdırması başlatması günahkarların məsuliyyətə cəlb edilməsinə nail olunması yolunda mühüm addımdır.

Azərbaycan sabit, təhlükəsiz, stabil və çiçəklənən Cənubi Qafqaz üçün məqsədlərinə tam sadiqdir. Münaqişədən sonrakı sülh quruculuğunu, reinteqrasiyanı və dinc birgə yaşamağı təşviq etmək üçün səylərimizi davam etdirməklə yanaşı, beynəlxalq birliyin məsuliyyətli bir üzvü olaraq, COVID-19 pandemiyasından sonra bərpa, qlobal inkişaf gündəmi və ya enerji təhlükəsizliyi kimi, bütün müvafiq sahələrdə səylərimizi əsirgəməyəcəyik.

Bu gün qarşılaşdığımız çətinliklər beynəlxalq əməkdaşlığa və həmrəyliyə münasibətdə yeni öhdəliklərin götürülməsini tələb edir. Yalnız birgə səylərlə özümüz və gələcək nəsillər üçün parlaq bir gələcək qurmaq üçün mövcud və gələcək çətinliklərin öhdəsindən gələ bilərik.

Təşəkkür edirəm, cənab Prezident.

**20:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edib.

 

Senzor.az bildirir ki, nazir sessiya çərçivəsində BMT kürsüsündən beynəlxalq ictimaiyyətə ikinci dəfə səslənib.

 

Nazir bəyan edib ki, son illərdə dünyada dini dözümsüzlük, ayrı-seçkilik tendesiyası, nifrət, islamofobiyanın geniş vüsət aldığı bir vaxtda Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma və hörmət vəhdətinin mövcud olduğu ölkədir.

 

C.Bayramov Azərbaycanın qlobal səylərə öz töhfəsini verməkdə davam etdiyini deyib.

 

Nazir Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın reallaşdırdığı genişmiqayaslı layihələrdən söz açıb.

 

C.Bayramov onu da bildirib ki, 30 ilə yaxın hərbi işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi misli görünməmiş əzablara, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Bakı normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib: “Ölkəmiz qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütövlüyü və toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi çərçivəsində hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib.

 

Buna baxmayaraq, müşahidə etdiyimiz tendensiya, Ermənistanın danışıqları imitasiya etmək, götürdüyü öhdəliklərdən son anda yayınmaq və konkret qərarlar qəbul etməkdən çəkilmək üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətmək üçün keçmiş təcrübəsini təkrarlaması oldu.

 

Beləliklə, Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi”.

 

Xatırladaq ki, bundan əvvəl C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında danışmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.