Ermənistan Xarici İşlər Nazirliyi Ruben Vardanyana konsulluq çıxışı məsələsini həll edir, qurum “öz vətəndaşının hüquqlarını” müdafiə edəcək.
Bu barədə TASS-a İrəvandakı diplomatik mənbə məlumat verib.
Bundan əvvəl Azərbaycanın Dövlət Sərhəd Xidməti Vardanyanın Laçın keçid məntəqəsində Ermənistan ərazisinə keçmək istəyərkən saxlanıldığını bildirib.
Ruben Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiyini açıqlayıb. O, qanunsuz olaraq Azərbaycanın Qarabağ bölgəsinə köçüb. 2022-ci ilin dekabrında Vardanyanın Rusiya vətəndaşlığından imtina ərizəsi təmin edilib. Daha əvvəl Ermənistan vətəndaşlığının olması barədə məlumat verilməyib.
Yeri gəlmişkən, bu arada Ruben Vardanyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılmasının görüntüləri yayılıb.
**14:56
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) də Ruben Vardanyanın saxlanıldığını təsdiqləyib.
Senzor.az bildirir ki, DSX-nın Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir: “Sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”.
**14:39
Ruben Vardanyan Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın “AzFront” teleqram kanalı Laçındakı mənbələrinə istinadən xəbər yayıb.
Haqqin.az-ın mənbələri Ruben Vardanyanın Laçın keçid məntəqəsində saxlanılması ilə bağlı məlumatı təsdiqləyiblər.
“Sputnik Armeniya”nın məlumatına görə onun həyat yoldaşı Veronika Zonabend də ərinin rəsmi səhifəsində bildirib ki, o, bu gün səhər Azərbaycandan gedən minlərlə digər erməni ilə birlikdə Qarabağı tərk etməyə çalışarkən sərhəddə Azərbaycanın müvafiq qurumları tərəfindən saxlanılıb.
Xatırladaq ki, Ruben Vardanyan Qarabağdakı qanunsuz separatçı qurumun keçmiş “dövlət naziri”dir. "Troyka Dialoq"un keçmiş sahibi, Moskva İdarəetmə Məktəbinin Skolkovo yaradıcılarından biri və onun ilk prezidenti kimi tanınır.
R.Vardanyan ilk dəfə ən zəngin rusiyalılar siyahısına 2011-ci ildə 500 milyon dollar sərvətlə daxil olub. 2017-ci ildə “Forbes” onun sərvətini 950 milyon dollar dəyərində qiymətləndirib və o, 99-cu yeri tutub.
Senzor.az