Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev otuz iki əvvəl Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Komitədən məlumat verilib.
Görüşdə üç il əvvəl 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Ermənistanın işğalından azad edildiyi, həmin ərazilərdə qalan erməni birləşmələrinin və qondarma qurumun isə bu il sentyabrın 19-20-də az müddətdə icra edilən antiterror tədbirləri sayəsində tamamilə ləğv olunduğu böyük razılıq və qürur hiss ilə xatırladılıb.
Qeyd olunub ki, hazırda bölgədə Ermənistan silahlı qüvvələrinə və terrorçu dəstələrə məxsus silahların müsadirəsi prosesi aparılır, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilərin könüllü və təhlükəsiz şəkildə ölkəmizdən çıxmasına şərait yaradılır.
Yeni yaranmış situasiyada tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi diqqətə çatdırılıb.
Bildirilib ki, bu gün işğaldan azad edilmiş ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda dönürlər. Xankəndidən olan məcburi köçkünlərin də bu prosesə qoşulacağı gün uzaqda deyil.
Görüşdə Xankəndidən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.
Dövlət Komitəsinin sədri məcburi köçkünlərin qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə yenidən salınmış və bərpa olunmuş yaşayış məntəqələrinə köçürülmənin gedişi və qaydaları haqqında görüş iştirakçılarını məlumatlandırıb, azərbaycanlı əhalinin Xankəndi şəhərinə qayıdışının təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb, dövlətimizin başçısının bununla bağlı tapşırıqlarını onlara çatdırıb.
Senzor.az