Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışan və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti rədd edilib.
"Report"un məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.
Onun vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti rədd edib.
Qeyd edək ki, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq aparılır. Toplanan sübutlarla, hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Törətdiyi qeyri-qanuni əməllərə görə R.Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.