Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırır.
Senzor.az bildirir ki, bu barədə Rusiya lideri Moskvada keçirilən Enerji Həftəsinin plenar iclasında deyib.
Putinin sözlərinə görə, ölkə liderləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisini müzakirə etməyi planlaşdırırlar.
Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov isə bildirib ki, V.Putin oktyabrın 12-də Qırğızıstanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Qarabağdakı vəziyyəti, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və Rusiya sülhməramlıları ilə bağlı mövzuları müzakirə edəcək.
Kreml nümayəndəsi xatırladıb ki, sülhməramlı kontingentin mandatı 2025-ci ilin dekabrında başa çatır.