17 oktyabr - Füzuli şəhəri günüdür
FOTO

Vətən müharibəsinin 21-ci günü - 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.


Senzor.az AZƏRTAC-a istinadən Füzuli şəhəri ilə bağlı bəzi qeydləri təqdim edir.

Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etdi.

Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.


Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.

Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Hələ Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilmişdi. Burada daş-daş üstə belə qalmamışdı. Sanki bu yerlərdən vəhşi qəbilə keçib, hər şeyi viran qoymuşdu. Düşmən bu ərazilərdə hərbi birləşmələrini gücləndirməklə, istehkam və maneələr yaratmış, özünə müdafiə xətti qurmuşdu. Çünki bilirdi ki, bu torpaqlar onun deyil. Gec-tez Azərbaycan əsgəri öz torpağını azad edəcək və o, bu günü qorxu içində gözləyirdi. Nəhayət, gözlənilən gün gəlib çatdı...


2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törətdi. Dinc azərbaycanlı əhalinin yaşadığı kəndlər atəşə tutuldu. Düşmənə öz yerini göstərmək, torpaqlarımızı azad etmək vaxtı artıq gəlib çatmışdı. Elə həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir yumruq” əməliyyatına başlandı.

Müharibənin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə Böyükmərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan silahlı qüvvələri geriyə çəkilməyə başladılar. Düşmənin keçilməz “Ohanyan səddi” adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı. Hərbi əməliyyatlar kompleks şəkildə və planlı olaraq aparılırdı. Kənd Horadiz istiqamətindən yüksəkliklərə irəliləyən kəşfiyyat qrupları, artilleriya bölmələrinə ötürülən dəqiq koordinatlar və nəticədə düşmənin məhv edilməsi bizi qələbəyə yaxınlaşdırırdı.

Ermənistan silahlı qüvvələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.

Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Artıq erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşmən arxasına keçməyə əlverişli şərait yaratdı. Düşmən təlaşla arxadan dəstək gözləyirdi. Oktyabrın 14-də isə əlverişli yüksəkliklər və mövqelər - Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olundu. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzulinin Arış, Cəbrayılın isə Doşulu kəndləri düşməndən təmizləndi.

Füzuli əməliyyatına bir gün qalırdı. Hələ azad olunası bir neçə yüksəklik vardı. Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri də Azərbaycan Ordusunun nəzarətinə keçdi və beləliklə, Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatmışdı. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planının sonuncusunu da uğurla yekunlaşdırdılar - Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli ətraf kəndləri azadlığa qovuşdu. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Bu müqəddəs amal uğrunda canlarını fəda edənlər şəhidlərimiz, qazilərimiz oldu. Məhz onların sayəsində bu gün Qarabağımız azaddır, yenidən qurulur.


Beləliklə, onların qanı yerdə qalmadı və 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı.


Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Füzulidə başlayıb Şuşada yekunlaşan missiya

Vətən müharibəsində döyüş yolu Füzuli rayonundan başlayan Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Nurlan Quliyevin son döyüş yeri Şuşa olub. O, həmçinin Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşməndən təmizlənməsində fəal iştirak edib.

Ağcabədi rayonunun Qaraxanlı kəndində doğulub boya-başa çatan Nurlan evin sonbeşiyi imiş. Şıltaqlığı, qoçaqlığı ilə seçilən Nurlanın idmana böyük həvəsi var imiş, futbolla məşğul olur, ara-sıra yarışlara da qatılırmış. Nurlanın beş yaşı olanda atası haqq dünyasına qovuşub. Anası Zülfiyyə xanım onu min bir əziyyətlə böyüdüb boya-başa çatdırıb. Zülfiyyə xanımın sözlərinə görə, onun övladlarının yolunda çəkdiyi əziyyətləri görən Nurlan deyirmiş ki, vaxt gələcək, sən sayılıb-seçilən analardan olacaqsan: “Dediyini də elədi, o ali zirvəni fəth etməklə, məni şəhid anası şərəfinə layiq gördü. Nurlanın sayəsində başım dik, alnım açıq gəzirəm. Ona verdiyim tərbiyəni, çəkdiyim əziyyəti artıqlaması ilə qaytardı mənə. İndi mən Nurlana borcluyam”.


Nurlan 2017-ci ildən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Müharibədən əvvəl Beyləqandakı “N” saylı hərbi hissənin həmlə taborunda idi. Nurlanı ən son müharibədən təxminən 9-10 gün əvvəl görmüşəm. O zamanlar təlimlər gedirdi. Mənə dedi ki, ana, şəhid öz qanı, canı ilə torpaq alır, elə zirvəyə yüksəlir ki, hər adam ora çata bilməz. Gərək şəhidin nəşi gələndə valideynləri təmkinli olsun, başlarını dik tutsunlar. Çünki övladları özü ilə yanaşı, onları da zirvələrə qaldırıb. Tabuta bükülən bayraq şəhidin yaxınlarına təhvil veriləndə onu öpüb gözləri üstünə qoysunlar. Çünki şəhid məhz o üçrəngli bayrağın daim zirvələrdə dalğalanması üçün canından keçib. Sən demə, Nurlan məni o günlərə hazırlayırmış. Mən də onun dediyi kimi davrandım. İçim qan ağlasa da, təmkinimi qorudum. Nurlanın vəsiyyətinə əməl etməyə bilməzdim...


Sentyabrın 27-də səhər saatlarında atışma səsləri eşitdik. Narahat olub Nurlana yığdım. Dedi, heç nədən qorxmayın. Hər şey yaxşı olacaq. Həmin gün son dəfə onun səsini eşitdim. Günlər bir-birini əvəzləsə də Nurlandan səs gəlmirdi. Noyabrın 4-də bizimlə əlaqə saxlayıb şəhid olduğunu dedilər. Nurlan noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlərdə əbədiyyətə qovuşub. Övlad itkisi ağır olsa da torpaqlarımızın azad edilməsi, övladlarımızın uğrunda canlarını fəda etdikləri üçrəngli bayrağımızın əzəli və əbədi torpaqlarımızda dalğalanması şəhid valideynləri üçün yeganə təsəllidir”.


Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Nurlan Quliyev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar.

2021-ci il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu aeraportdan istifadə edirlər.


Qeyd edək ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur.

Prezident İlham Əliyev bu il oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən bu avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.


Dövlətimizin başçısı, həmçinin rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman, eləcə də ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməli qoyub.

Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində olduğu kimi, ötən il azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək. Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.