Çex Respublikası Senatının regionumuzda baş verən proseslərə dair qəbul etdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən qətnaməsi təəssüf doğurur. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli qətnaməyə qəti etirazımızı bildiririk.
Senzor.az xəbər verir ki, bu sözlər Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Növbəti dəfə erməni lobbisinin və onun havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq. Halbuki, işçi qrupu 18-20 oktyabr 2023-cü il tarixlərində Çex Respublikası parlamentində keçirdiyi görüşlərdə Ermənistanın siyasi və hərbi təxribatları, Azərbaycanın sülh təşəbbüsləri, antiterror tədbirlərinin səbəbləri, mahiyyəti və nəticələri, Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə görülən tədbirlər, sosial və humanitar yönümlü fəaliyyətlər haqda çexiyalı həmkarlarını ətraflı şəkildə məlumatlandırmışdır.
Təəssüflər olsun ki, bəzi Avropa ölkələrinin, xüsusilə Avropa Parlamentindəki destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və sənədlərin qəbul edilməsinə rəvac verir. Bu fakt, öz-özlüyündə həmin sənədlərdə irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir.
Qəbul edilmiş qətnamə bir sıra məqamlarına görə xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Çex Respublikası Senatına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini və mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında da təsdiqlədiklərini xatırlatmaq istərdik. Qətnamədə mədəni və tarixi abidələrə zərər yetirilməməsi ilə bağlı səsləndirilən çağırışa münasibətdə isə bildiririk ki, Azərbaycanda bütün mədəni və dini abidələr heç bir ayrı-seçkilik edilmədən dövlət tərəfindən qorunmaqdadır. Biz, öz növbəmizdə, çexiyalı həmkarları Ermənistanın həm 30 il ərzində işğal altında qalmış torpaqlarımızda, həm də indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidəni yerlə-yeksan etməsi məsələsinə diqqət yetirməyə çağırırıq.
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, Çex Respublikası Senatının qəbul etdiyi bu qətnaməni bir daha qətiyyətlə rədd edirik”.