ABŞ Prezidenti Cozef Bayden Konqresə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir.
Sənəddə iddia edilib ki, Bayden administrasiyası Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab verib və indi müttəfiqi İsrailin kömək etməlidir.
Ağ Ev ABŞ qanunvericilərini ölkənin milli təhlükəsizlik ehtiyacları üçün vəsaitin ayrılması ilə bağlı gələcək həftələrdə hərtərəfli ikitərəfli razılaşma əldə etməyə çağırıb.
ABŞ administrasiyası xüsusi olaraq Konqresdən Ukraynadakı vəziyyətə və bununla bağlı xərclərə cavab vermək üçün 61,4 milyard dollardan çox vəsait ayırmağı xahiş edib. O cümlədən, Kiyevə hərbi yardımın göstərilməsi və Amerikanın silah ehtiyatlarının artırılmasına təxminən 44,4 milyard dollar xərclənməsi planlaşdırılır.
İsrailə isə 14,3 milyard dollar dəyərində yardım göstərmək təklif olunur.
Bundan əlavə, Bayden administrasiyası ABŞ-ın cənub sərhədini qorumaq üçün təxminən 13,6 milyard dollar ayrılmasını istəyir. Hindistan-Sakit okean regionunda ABŞ tərəfdaşlarına dəstək üçün təxminən 7,4 milyard dollar ayrılması təklif edilib.