Qəzzaya uğrayan Yaxın Şərq və... ÜZLƏRİNİ SAYAN QƏRB
ELÇİN ALIOĞLU YAZIR

20 gündür ki, Yaxın Şərq dərdlərini, bəlalarını, fəlakətini özünə daha da yaxın edərək bütün bölgəyə hər an sıçramağa hazır müharibənin bir addımlığındadır. Şərqə əks olan Qərb həmişəki kimi, sülh adı ilə müharibəni bölgə insanlarına hədiyyə kimi peşkəş etmək niyyətindədir.

 

Yanan evi qarsamış alovları söndürmək üçün su var. Binayi-qədimdən bəşər övladı belə görüb, anlayıb və dərk edib ki, alovun üstünə su tökməsən, sönməz.

 

Fəqət, alovların üzərinə neft töküb odununu bol etməklə yanğını söndürmək istədiyini deyən insanın ilk əvvəl əqlinə şübhə yaranar. O, əməlini israrla təkrarlamaq istəyəndəsə məsələ artıq əxlaqi və mənəvi problemə çevrilir.

 

Fələstinin Qəzza bölgəsində yerli sakinlərin seçdiyi, bu səbəbdən qanuni sayılan HƏMAS qruplaşması bütün yazılı və yazılmamış qanunlara zidd olaraq İsrailə hücum etdi.

 

1400-dən artıq israilli qətlə yetirildi ki, onların tam əksəriyyəti dinc, günahsız insanlardı.

 

İsrail də HƏMAS-ın cavabını vermək üçün əməliyyatlara başladı. Qəzza aramsız bombalanır, İsrail ordusu HƏMAS mənsublarını məhv edir. Və bütün bunların nəticəsində Qəzzada 5 min nəfərdən artıq insan həlak olub, onların da tam əksəriyyəti dinc insanlardır.

 

İsraillə Fələstin qarşıdurmasını istənilən formatda adlandırmaq olar: İsrail-HƏMAS savaşı, İsrailin HƏMAS və “Hizbullah”a qarşı antiterror əməliyyatı, HƏMAS-ın İsrailə qarşı əməliyyatının nəticələri və s.

 

Lakin bombardmanlarla gülləbaranların getdiyi, göylərə ucalan duaların əvəzinə göydən yerə zərbə PUA-larının düşdüyü məkanda səbəb-nəticə qanunu artıq işləmir.

 

Orada yeganə işlək qanun sağ qalmaq qaydasıdır: İsrail sağ qalmaq üçün Qəzzanı bombaladığını, qəzzalı fələstinlilər də sağ qalmaq üçün İsrailə qarşı vuruşduqlarını deyirlər.

 

Halbuki həmin məkanda 1947-ci ildə BMT-nin qəbul etdiyi sənədlərə görə, fələstinlilərin və israillilərin dövlətləri olmalıdır.

 

Əsrlər boyu yanaşı, birgə, problemsiz yaşamış xalqlar indi bir-birinə düşmən kəsdirilib.

 

Kəsilib yox - kəsdirilib, çünki İsraillə Fələstini normal yaşamağa, inkişafa, tərəqqiyə və rifaha yönələn yolla hərəkətdən çəkindirən dövlətlər, qüvvələr, təşkilatlar və güclər sakitləşməyiblər.

 

Həmin güclərin məcmusu, İsrail və Fələstin övladlarını qanlı qırğına salan qüvvələrin müntəxəbatı simalarının sayını bilmədiyindən çoxdan simasızlaşmış Qərbdir.

 

İkiüzlü adlandırmağa adət etdiyimiz, amma üzlərinin sayı hədsiz olan kollektiv Qərb.

 

Qərb yəhudilərlə fələstinli ərəblər arasında normal və dinc yaşamı istəmir. Səbəb bəsitdir - geosiyasi maraqları ilə geostrateji mənafelərinin tam təmin etməyə can atan Qərbə sakit, stabil və sülhə sarılmış Yaxın Şərq gərək deyil.

 

Əksi olsaydı, Fransanın dövlət başçısı Emmanuel Makron HƏMAS-a qarşı yeni səlib yürüşü elan etməzdi.

 

Əksi olsaydı, ABŞ Qəzzaya və İsrailin terrorçuların hücumuna məruz qalmış yaşayış məntəqələrinə humanitar yardımlar göndərmək əvəzinə hərbi-dəniz qüvvələrinin ən böyük aviadaşıyıcısı ilə zərbə eskadrasını Aralıq dənizininin şərqinə, İsrail sahillərinə yollamazdı.

 

Hər iki tərəfə vədlərlə yanaşı, silah-sursat verilir ki, vuruşmaq niyyətlərindən əl çəkməsinlər.

 

Münaqişəni tənzimləmək, savaşı dayandırmaq əvəzinə HƏMAS-la İsrailə deyilir ki, dayanmayın, sonadək savaşın.

 

Üçüncü Dünya Savaşını sanki iplə çəkib gətirməyə çalışan güclər İsrail-Fələstin münaqişəsini lokal arealdan çıxararaq bütün bölgəyə yayılacaq müharibəyə döndərməkmi istəyirlər? Həmin müharibədə fəsad və zərbə almayacaq tərəfin qalmayacağını dərk etməyən şüurlar savaşın qarsadığı Yaxın Şərqin taleyini həll etdiklərini düşünürlərsə, yanılırlar.

 

Savaş taun kimidir: gəldimi, kimsəni sağ qoymaz.

 

Aviadaşıyıcı gəmilər, qırıcı təyyarələr, uzaqvuran toplar və raketlər bombardmanda həlak olan fələstinli cocuqla evində amansızlıqla, barbarlıqla qətlə yetirilən israilli qocanın ölümünün suçlularının əsl simasıdır.

 

Bu sima bəlkə də simasız Qərbin yeni maskasıdır — qanlı, dağıntılı, bəlalı və savaşlı.

 

Yaxın Şərq silaha, hərbi texnikaya yox, sülhə möhtacdır.

 

Böyüməsi gərəkən fələstinli cocuq və nəvələrinin gülüşlərinə sevinməli israilli nənə kimi...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.