ABŞ Rusiyanı daxildən parçalamaq, zəiflətmək və çaşqınlıq yaratmaq istəyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Mahaçqaladakı iğtişaşlarla bağlı bugün keçirdiyi müşavirədə deyib.
Toplantının əvvəlində o, oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşların sosial şəbəkələr vasitəsilə Qərbin xüsusi xidmət orqanlarının agentləri tərəfindən, o cümlədən Ukraynadan təşkil edildiyini bildirib.
Qeyd edək ki, oktyabrın 29-u bazar günü axşam saatlarında Mahaçqala hava limanı yaxınlığında toplaşan bir neçə min insan Təl-Əvivdən gələn təyyarənin enməsinə etiraz edib. Etirazçılardan bəziləri hava limanına girib. Polislə toqquşmalarda 20-dən çox adam yaralanıb. Etirazçıların hərəkətləri respublikanın hakimiyyət orqanları, Dağıstan müftisi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Yəhudiləri Konqresi və bir çox başqa qurumlar tərəfindən tənqid edilib. Dağıstan rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırıb və iğtişaşlarla bağlı bir neçə cinayət işinin açıldığını deyib.
Məlikov Mahaçqala hava limanında baş verən iğtişaşları respublikada “vəziyyəti destabilizasiya cəhdi” adlandırıb. Onun iddiasına görə, iğtişaşlara xaricdən, o cümlədən “Ukraynayönlü Telegram kanalları” vasitəsilə nəzarət edilib: “Dağıstanda vəziyyətin sabitliyini pozmaq cəhdləri, o cümlədən millətlərarası nifrət və konfessiyalararası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”.
...Putin vurğulayıb ki, Yaxın Şərqdəki faciənin arxasında kimin dayandığını real dəyərləndirmək lazımdır: “Bunlar ABŞ və onun sattelitləridir. ABŞ zəifləyir və mövqeyini itirir, amerikansayağı dünya keçmişdə qalır. Birləşmiş Ştatlar qlobal diktaturasını genişləndirmək, Rusiyada və digər rəqiblərində xaos vasitəsilə sabitliyi pozmaq istəyir".
O qeyd edib ki, Rusiya çoxqütblü dünyanın qurulmasının ədalətli prosesində liderlərdən biridir və onun uğrunda döyüş meydanında mübarizə aparır.
Rusiya Prezidenti, həmçinin bildirib ki, Dağıstanın yerli əhalisi sayılan tatlara hücum etməklə Fələstin xalqına kömək etmək mümkün deyil. Putinin sözlərinə görə, Fələstinə yalnız bu faciənin arxasında duranlarla mübarizə yolu ilə yardım etmək olar. O, İsrail-Fələstin münaqişəsinin həllinin yalnız Fələstin dövlətinin yaradılmasında olduğunu vurğulayıb.
Dövlət başçısı ölkə regionlarının, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının rəhbərlərini vətəndaşların Konstitusiya hüququnun, milli və dini harmoniyanın qorunmasına yönəlmiş ciddi tədbirlər görməyə çağırıb.
**16:54
“Prezident Vladimir Putin Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdlərini müzakirə etmək üçün müşavirə keçirəcək”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki,bunu oktyabrın 30-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Mahaçqala hadisələri ilə bağlı təxminən saat 19:00-da geniş müşavirənin keçiriləcəyi planlaşdırılır.
“Bu tədbirdə Qərb ölkələrinin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdləri müzakirə ediləcək”, - deyə Kreml rəsmisi izah edib.
Əvvəlcə prezidentin çıxış edəcəyi, daha sonra isə bağlı qapılar arxasında müşavirə keçiriləcəyi gözlənilir.
“Putin Dağıstan Respublikasındakı vəziyyətlə bağlı dünən gecə və bu gün səhər Federal Təhlükəsizlik Xidməti, Rusiya Qvardiyası və respublikanın rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar alıb və almağa davam edir”, - deyə Peskov əlavə edib.
Qeyd edək ki, oktyabrın 29-da Dağıstanın paytaxtı Mahaçqalada yüzlərlə şəxs aeroporta hücum edib. Onlar İsraildən gələn təyyarənin enməli olduğu “Kaspiysk” Hava Limanı yaxınlığında toplaşıb, əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” yazılan plakatlar tutublar. Sonra etirazçılar hava limanındakı xidməti otaqlara daxil olaraq İsraildən gəlmiş və burada gizlədilməsi ehtimal edilən yəhudiləri axtarıblar.
Hava limanının fəaliyyəti məhdudlaşdırılıb.
Oktyabrın 30-da polis Mahaçqala hava limanı ərazisindəki kütləvi iğtişaşların 150-dən çox fəal iştirakçısını müəyyən edib. Onlardan 60 nəfəri saxlanılaraq polis bölmələrinə aparılıb.
Senzor.az