Bakıdan İran ərazisi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və əksinə avtobus reysləri 4-ə çatdırılıb.
Senzor.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub.
Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan-İran Birgə Qarışıq Komissiyasının bu ilin sentyabr ayında Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayının artırılması barədə razılıq əldə olunub. İlkin mərhələdə marşrutun hərəkət qrafikinə 1 reys əlavə edilib. Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır.
İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus reysi 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı reysi üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.