Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı bugünkü imtahanda namizədlərin 27 faizi qadınlardır. Bu, Vəkillər Kollegiyasında qadın vəkillərin sayının azlığına müsbət təsir göstərəcək, beləliklə, getdikcə kişi və qadın vəkillər arasında fərq aradan qalxacaq.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
“Bugünkü imtahanın iştirakçıları arasında işğaldan azad olunmuş, şəhər və rayonlarımızı təmsil edən kifayət qədər namizəd var. Hətta mən deyərdim ki, ən çox namizəd məhz bugünkü imtahanda iştirak edir. Bu, onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdə yeni vəkil bürolarında fəaliyyət göstərəcək vəkillər məhz həmin rayonları təmsil edən hüquqşünaslar olacaqlar. Bu, eyni zamanda, həmin rayonlarda və şəhərlərdə vəkillər və vətəndaşlar arasında kommunikasiyaya müsbət təsir göstərəcək”, - deyə Anar Bağırov əlavə edib.