"Bəzi adamlar Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq istəyir, müəyyən məsələlərdən istifadə edirlər. Qazilərin əlillik dərəcəsinin alınması ilə bağlı haqsız iradlar səsləndirilir. Halbuki, çox az sayda belə insan əlillik dərəcəsinin alınması üçün tələblə çıxış edir".
Bunları Milli Məclisin deputatı, Komitə sədri Siyavuş Novruzov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində deyib.
Deputat bildirib ki, əliliklə bağlı problemlərin həlli üçün komissiya, ictimaiyyət nümayəndələri və mətbuatın iştirakı ilə həmin şəxslər yerindəcə yoxlanıla bilər: "Konkret olaraq da müəyyən edilsin ki, onlara əlillik dərəcəsi düşür ya yox. Bununla da məsələ birdəfəlik həll olunsun, həmin şəxslər ikinci dəfə ortaya çıxmasınlar”.
S.Novruzov vurğulayıb ki, müharibədən sonra meydana çıxan bəzi xəstəlikləri tibb də müəyyən edə bilmir: “Bura psixoloji və digər travmalar aiddir. 18 yaşında olan gəncin yanında döyüş vaxtı insan öldürülür, yaxud baş kəsilir, minaya düşür. Hər yeri salamat ola bilər, amma ciddi travma alır. Bu qəbildən olanlara əlilliyin verilməsi nə böyük problemdir?!”.
Deputat, həmçinin əlavə edib ki, dünyasını dəyişən şəxslər üçün verilən dəfn pulunun miqdarı artırılmalıdır: "Bu gün verilən dəfn puluna qəbiristanlıqda heç 10 santimetr yer almaq mümkün deyil. Rayonlar başqa, Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir... Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər?”.