Berlində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.
Senzor.az bildirir ki, görüşdən sonra Türkiyə Prezidenti ilə Almaniya Kansleri mediaya birgə açıqlama veriblər.
Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunduğunu deyən Türkiyə Prezidenti ölkəsi ilə Almaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın maneəsiz həyata keçirilməsinin hər iki dövlətin maraq dairəsində olduğunu deyib...
Yaxın Şərqdə baş verən son hadisələrə toxunan Ərdoğan hazırda hər kəsin prioritetinin atəşkəs və humanitar yardımın maneəsiz axınını təmin etmək olduğunu söyləyib.
O bildirib ki, Yaxın Şərqdəki münaqişə yalnız iki dövlətin tanınması ilə həll oluna bilər - indi baş verənlər Fələstin probleminin 1967-ci il sərhədləri daxilində iki dövlət əsasında həllinin qaçılmaz olduğunu təsdiqləyir: "Türkiyə olaraq məqsədimiz israillilərlə fələstinlilərin yan-yana yaşadığı sülh və əmin-amanlıq mühiti yaratmaqdır".
O qeyd edib ki, indiyədək 13 min fələstinli uşaq, qadın və qoca öldürülüb. Artıq Qəzza deyilən yer yoxdur, hər şey dağıdılıb: “Əgər Almaniya və Türkiyə birlikdə Qəzzada humanitar atəşkəsə nail ola bilsə, bölgəni xilas etmək imkanı yaranacaq”.
Girov məsələsindən danışan Türkiyə lideri vurğulayıb ki, İsrail Fələstinin HƏMAS hərəkatından bir neçə dəfə çox girov saxlayır: "Girovların mübadiləsi - bəli, biz də bunun tərəfdarıyıq. Əgər girovların sayından danışırıqsa, o zaman İsrailin və HƏMAS-ın əlində olan girovlara baxaq. İsrailin əlində daha çox girov var. Bunu görməsəydik, ədalətsizlik olardı”.