Bakıda keçirilən qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması üzrə konfransın yekunlarına əsasən bəyannamə qəbul edilib.
Senzor.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıqlayıb.
Bəyannamə Azərbaycanın Qoşulmama Hərəkatının gələcək sədrləri olan Uqanda və Özbəkistanla birgə təşkil etdiyi konfransın yekunlarına əsasən qəbul olunub.
**14:10
"Bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qız uşaqlarının erkən yaşda ərə verilməsi, onların dövlət idarəçiliyində məhdud təmsilçiliyi, iqtisadi imkanlarının aşağı olması və s. kimi problemlər var".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfrans çərçivəsində baş tutan əlavə paneldə bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 161 təşkilat var və onlar birbaşa qadınlarla bağlı məsələlərlə məşğul olurlar: "Bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qız uşaqlarının erkən yaşda ərə verilməsi, onların dövlət idarəçiliyində məhdud təmsilçiliyi, iqtisadi imkanlarının aşağı olması və s. kimi problemlər var. Bu gün Azərbaycanda gender bərabərliyi istiqamətində tam qanunvericilik formalaşıb. Bu, heç də asan olmayıb, hərəkat olaraq inkişaf edib və dövlətin də diqqəti nəticəsində qanunvericilik bazası formalaşıb. Artıq bu il milli fəaliyyət planına yekun vuracağıq, gələcəkdə yeni bir fəaliyyət planının qəbul edilməsi müzakirə olunacaq, çünki bütün problemlər tam həll olunmayıb. Hələ də bizim selektiv abort kimi problemimiz var".
**12:33
Bu konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana və digər ölkələrə təşəkkür edirəm. Bu görüş bizim üçün çox böyük fürsətdir, fikir mübadiləsi aparmaq, yaxından əməkdaşlıq etmək baxımdan olduqca əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.
O Mərakeş Krallığında qadın, uşaq və ailə məsələləri istiqamətində həyata keçirilən işlərdən bəhs edərək deyib: “Mövcud sahədə bir sıra irəliləyişlər əldə olunub. Qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından dövlət tərəfindən lazımi addımlar atılır. Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır. Bütün sahələrdə qadınların fəaliyyəti təqdirəlayiq və danılmazdır”.
Qadınların bütün sahələrdə tamhüquqlu şəxs kimi qəbul edilməli olduqqlarını deyən Hayar Avatif ölkəsindəki deputatların 24 faizini qadınların təşkil etdiyini söyləyib. Qeyd edilib ki, Mərakeşdə qadınlar üçün bütün sahələrdə layiqli şərait yaradılıb.
**09:42
Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilir.
Senzor.az bildirir ki, iki gün davam edəcək toplantıda qonaq ölkələrin iştirakı ilə interaktiv panel müzakirələri təşkil olunacaq.
Tədbirə Ombudsman Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva və deputatlar qatılıblar.
Tədbir iştirakçıları arasında, həmçinin BMT, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatların nümayəndələri, Türkiyə, Özbəkistan, Türkmənistan, Sudan, Rusiya, İndoneziya, Misir, Venesuela, Fələstin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Keniya, İran, Belarus, Mərakeş, Küveyt, Uqanda, Nepal, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Kuba, Malayziya, İordaniya, Meksika kimi ölkələrin təmsilçiləri də yer alırlar.
Bandan başqa, konfransa 9 beynəlxalq təşkilat da qatılıb.