Xəbər verdiyimiz kimi, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib.
Senzor.az bildirir ki, yeni səfir Azərbaycan dilində mətbuata açıqlama verib və Bakıya gəlişindən çox şad olduğunu bildirib.
“Mən öz etimadnaməmi təqdim etmək və ABŞ-Azərbaycan əlaqələrini inkişaf etdirmək və regionda davamlı sülh naminə çalışmaq üçün işə başlamagı səbirsizliklə gözləyirəm. Mən həmçinin sizin gözəl ölkənizi daha yaxşı tanımaq istəyirəm. Məni səmimiyətlə qarşıladığınız üçün təşəkkür edirəm”, - deyə Mark Libbi bildirib.
**22:52 (02.12.2023)
ABŞ-ın yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib.
Senzor.az bildirir ki, bu barədə səfirliyin X hesabında məlumat paylaşılıb.
“Azərbaycana təyin olunmuş səfir Mark Libbi - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” – deyə səfirliyin məlumatında bildirilib.
**21:26
ABŞ-ın Azərbaycanda yeni səfiri Mark Libbi bu gün axşam Bakıya gələcək.
Bu barədə “Turan” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Senzor.az xatırladır ki, Libbinin namizədliyi onun təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayında Li Litzenberqer bu postdan getdikdən sonra Vaşinqtonun Azərbaycanda səfiri yoxdur.
Yeni səfir karyerası ərzində Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiya rəhbərinin müavini vəzifəsində çalışıb. ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi məsləhətçi olub.
Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində böhranların idarə edilməsi üzrə direktor müavini, Mərkəzi Avropa İşləri İdarəsinin direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və Dövlət Departamenti Katibliyinin direktoru vəzifələrində çalışıb.
Polyak və fransız dillərini bilir.
Senzor.az