Dekabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.
Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
**12:03
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
APA xəbər verir ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada təşkil olunmuş görüşü çərçivəsində baş tutan danışıqlarda Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda mövcud vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.
Nazir vurğulayıb ki, görüş çərçivəsində bir sıra ikitərəfli layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparmaq imkanı olacaq. Ceyhun Bayramov danışıqlarda regional təhlükəsizlik, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, eləcə də “3+3” formatında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək.
Nazir Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Sergey Lavrov iki ölkənin iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə əlaqədar bir sıra iri layihələr, o cümlədən “Şimal-Cənub” beynəlxalq dəhlizi çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Sergey Lavrov görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair məsələlərin də müzakirə olunacağını vurğulayıb. Rusiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “3+3” platformasının perspektivli olduğunu qeyd edib.
**11:37
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
Yerli KİV-in məlumatına görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilir.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı vəziyyət müzakirə olunacaq.
“Bir sıra iri layihələrimiz var. Buraya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və bir çox başqa enerji layihələri daxildir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparacağıq. Mən bizim təmaslarımızın bu istiqamətdə necə inkişaf etdiyi barədə fikir mübadiləsi aparmağa hazır olacağam”, - Lavrov bildirib.
Xatırladaq ki, C.Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçiriləcək iclasında iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.