Rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-ın qarşılıqlı münasibətinə ümid edir.
“Anadolu” bildirir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamasında deyib.
“Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda ataq”, - deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.