Gürcüstanın paytaxtı Tbilisidə “Səsimiz Avropa Birliyinədir” devizi altında yürüş keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yürüşdə ölkə Prezidenti Salome Zurabişvili də iştirak edib. O, Avropa meydanı yaxınlığında yürüş iştirakçıları ilə görüşüb.
Vətəndaş cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan yürüşə siyasi partiyaların nümayəndələri də qatılıblar.
Vətəndaşlar özlərilə xüsusi olaraq yürüş üçün tikilmiş nəhəng Aİ bayrağı daşıyıblar. Bayrağın uzunluğu 33 m, eni isə 22 m-dir. Avropa İttifaqının bayrağının üzərində yerləşən 12 ulduz Gürcüstanın müxtəlif yerlərində tikilib. Yürüş təşkilatçılarının fikrincə, aksiyanın mahiyyəti gürcü xalqının Avropa İttifaqının bir hissəsi olmaq istəyini bir daha Avropaya göstərməkdən ibarətdir.
Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqı Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi və ya verilməməsi ilə bağlı qərarını açıqlayacaq.